18 сентября 2019 г.



AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və Qafqaz Tarixi Mərkəzinin birgə təşkilatçılığı ilə UNESCO kafedrasının milli irsin öyrənilməsi üzrə “Günəşin axtarışında” işçi qrupunun “Qeydiyyatda olmayan tarixi abidələr haqqında pasport informasiyasının toplanılması, sistemləşdirilməsi və yerləşdirilməsi” mövzusunda seminarı keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə tarixi, arxeoloji və memarlıq abidələrin qorunması məqsədilə dövlət qurumlarına dəstək, əhalinin zəruri məlumatlar, bilik və bacarıqlarla təmin olunması və səfərbər edilməsi, könüllülərə informasiyanın toplanılması alqoritminin təqdim edilməsi məsələləri müzakirə olunub.

Kİtabxananın direktoru Leyla İmanova Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində son dövrdə “Günəş axtarışında” işçi qrupu ilə Azərbaycanın mədəni-tarixi irsinə aid görülən işlərdən danışıb. Bildirib ki, seminarın məqsədi reyestri olmayan tarixi abidələrin qeydiyyata alınması, onlar haqqında ilkin məlumatın formalaşdırılması və informasiya şablonunun təqdim edilməsidir. Leyla İmanova müzakirə edilən fəaliyyətin MEK-in prioritet vəzifələrindən biri olduğunu vurğulayıb.

Hüquq və İnsan Haqları İnstitunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun dosenti Rizvan Hüseynov 2 il öncə MEK-in nəzdində yaradılmış UNESCO-ilə birgə yaradılmış “Günəş axtarışında” işçi qrupunun fəaliyəti: araşdırılmamış və qeydə alınmamış fiziki vəziyyəti qənaətbəxş olmayan abidələr, məzarlar, dini məbədlər, “milli marker” hesab edilən qoçdaşlar haqqında məlumatların toplanılması, sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Sınaq layihəsi kimi fəaliyyətə Azərbaycanın qərb regionundan – Gədəbəy, Qazax, Şəmkir bölgələrindən başlanıldığını bildirən Rizvan Hüseynov qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikirlərini bölüşüb.

Tədbirdə “Günəşin axtarışında” işçi qrupunun üzvləri – Renat Cəfərov, Sabit Qurbanov, İlqar Həsənov, Şəfa Mövsümov, Qafqaz Ömərov və başqaları çıxış edərək qeyd olunan abidələr haqqında informasiya şablonunun hazırlanması, yerli əhalinin təlimatlandırılması, könüllərin cəlb edilməsi barədə təkliflərini səsləndiriblər.

Renat Cəfərov informasiya şablonunun əks etdirdiyi müddəaları – abidələrin yerini, fotoəksini, yerli sakinlər ilə izahat işinin aparılmasını, məlumatların toplanılma qaydalarını və başqa tələbləri diqqətə çatdırıb.




Комментарии: