Qafqaz Tarixi Mərkəzinin direktoru,  Mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının assosiativ professoru Rizvan Hüseynov


Azərbaycan dilinə tərcümə -  Təvəkkül Vəliyev


Qarşımızda “Физика потустороннего мира” adlı rus dilində nəşr olunan kitab var. Onun müəllifi fizik Azər Eminzadə humanitar və dəqiq elmlərlə mənəviyyat arasında sərhəddə yerləşən məna və ideyaları cəsarətlə qələmə alır və formalaşdırır. A. Eminzadənin 2025-ci ildə nəşr olunmuş bu əsəri oxucunu yazılanları son instansiya həqiqəti kimi qəbul etməyə çağırmır. Əksinə, o, bizi bəlkə də uşaqlıqdan düşündürən, lakin nə məktəbdə, nə də elmdə cavab tapa bilmədiyimiz bir çox suallar üzərində düşünməyə dəvət edir. Kitabı əldə etmək üçün rizvanhuseyn73@gmail.com e/ünvanına yazın.



         

A. Eminzadənin müşahidə və nəticələri müasir elmin bəzi postulatlarına zidd ola bilər. Lakin elm özü də yerində dayanmır, daim əvvəlki nəzəriyyə və qanunlarını yeniləyir və ya təkzib edir. Müəllifin məqsədi yalnız oxucunun intellektinə deyil, həm də ağlına, şüuraltısına və ən əsası – hər şeyin başlıca meyarı olan qəlbinə müraciət etməkdir. Daha doğrusu, intellekt, ağıl, şüuraltı və qəlb harmoniyası məhz göstərilən ardıcıllıqla mümkün olur: informasiya intellektdən başlayaraq bütün nəzarət “süzgəclərindən” keçib qəlbə çatmalıdır. Məhz bu yolla mənalar formalaşır. A. Eminzadənin əsəri yüksək mənalar haqqındadır; burada yalnız fizika, riyaziyyat və astronomiya bilikləri kitabda toplanmış mesajları dərk etmək üçün kifayət etmir.

Öz növbəmdə, kitabın yazılması dövründə Azer Eminzadə ilə dostluq və əməkdaşlıq edə bildiyimə görə çox şadam. Bir neçə il ərzində aramızda yazışma və dialoq olub, onun müəyyən hissəsi bu kitabın yazılmasında istifadə edilib. Buna görə də çap olunmuş əsər barədə bəzi fikirlərimi bölüşməyi və potensial oxucunu bu kitabı əldə etməyə təşviq etməyi özümə borc bildim. 

Adətən mənalar sonradan cəmiyyəti idarə etmək üçün ideoloji postulatlara bürünür. İdeologiyaya nə qədər tənqidi yanaşsaq da, bu elə bir “silahdır” ki, ona yalnız oxşar vasitə ilə qarşı çıxmaq mümkündür. Əlbəttə, ideologiyadan sui-istifadə halları da mövcuddur. SSRİ-nin dağılması dövründə köhnə və yeni ideologiyalar arasında mübarizə başlandı. Azərbaycan da qonşu Ermənistanın düşmən ideologiyası ilə üzləşdi və bu, yüz minlərlə insanın həyatına son qoyan və ya onları şikəst edən qanlı müharibəyə gətirib çıxardı. 1980-ci illərin sonu – 1990-cı illərdə biz düşmən ideologiyaya tam müqavimət göstərə bilməsək də, baş verən faciədən ciddi nəticələr çıxardıq.

Azərbaycan Respublikasının formalaşdığı çətin 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyev Azərbaycançılıq ideyasını irəli sürdü. Bu ideya ölkənin müxtəlif xalqlarını vahid ideoloji konstruksiya ətrafında birləşdirə bildi. Bundan əlavə, bu ideya tarixi Azərbaycanın bütün xalqlarını birləşdirə bilər; onlar Azərbaycan Respublikasına Avropa, türk və müsəlman başlanğıcının uğurlu sintez nümunəsi kimi qürurla baxırlar. 1918–1920-ci illərdə Şərqdə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olaraq biz bu gün Azərbaycançılıq ideyasını yenilənmiş məzmunla zənginləşdirə və onu yalnız yaxın onilliklər üçün deyil, gələcək nəsillər üçün də aktual olan konstruksiyaya çevirə bilərik. Bu nəsillər Azərbaycançılığı keçmiş təcrübə və ənənələrə söykənərək gələcəyə inteqrasiya olunmuş bir ideya kimi qəbul etməlidirlər.

Əsas məsələ həyata keçirmə zamanı digər xalqların və ölkələrin buraxdığı səhvləri təkrarlamamaqdır. Belə faciəvi nümunələrdən biri “Böyük Ermənistan” adlı mifoloji layihədir ki, bu da həm erməni xalqına, həm də qonşu xalqlara ciddi ziyan vurur.

Azərbaycan layihəsində isə düşünürəm ki, biz dövlətçilik ənənəsinə malik xalq olduğumuzu əsas götürməliyik. Bizim hərbi-siyasi elita əsrlər boyu Avrasiya məkanında çoxsaylı dövlət və imperiyalar qurmuşdur. Biz digər xalqların və geniş coğrafiyaların taleyi üçün məsuliyyət götürən xalqıq. Buna görə də yeni tarixi və ideoloji konsepsiyada azərbaycanlı türklərin əcdadlarının Orta əsrlərdə Səlib yürüşlərinin qarşısının alınmasında, Yaxın Şərqin, Qüdsün, Misirin və digər ərazilərin azad edilməsində, həmçinin dövlətçilik, islamın və elmin Misirdən Şama, İrana, Mərkəzi Asiyaya, Hindistana və Benqal körfəzinə qədər yayılmasında oynadığı rolu vurğulamaq məqsədəuyğundur.

Yəni Azərbaycanı yalnız ayrıca tarixi-coğrafi və ya inzibati məkan kimi deyil, həm də siyasət, hərb, elm, incəsənət və mədəniyyətin regional mərkəzi kimi təqdim etməyə çalışmaq lazımdır. Bu məqsədlə Azərbaycan və digər ölkələrdən olan həmfikirlərimiz elmi müzakirələr aparır və nəşrlər hazırlayırlar.

Uzunmüddətli perspektivdə bu layihənin həyata keçirilməsi üçün effektiv idarəetmə və davamlı kadr siyasəti məqsədilə Qərb və digər təcrübələrdən istifadə olunmalıdır. Bu baxımdan Azer Eminzadənin bu kitabda topladığı təcrübə və yanaşmalar maraqlıdır. O, nəticələrini yalnız humanitar sahələrə deyil, həm də riyazi formul və fizika qanunlarına istinadla əsaslandırır.

Xüsusilə Pareto qanununun, Fibonaccı qanununun (qızıl kəsim), orta əsr azərbaycanlı alimləri Şihabəddin SührəvərdininSeyid Yəhya Bakuvinin elmi-fəlsəfi araşdırmaları və ideyaları, eləcə də müasir dövrdə Azərbaycan mənşəli amerikalı riyaziyyatçı Lütfi Zadənin (qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi) əsərlərinin tətbiqi maraq doğurur. 

Bu yanaşmalar kadr siyasəti, menecment və insan kapitalından istifadədə vaxt və resurslara qənaət etməyə imkan verə bilər. Düşünürəm ki, yuxarıda qeyd olunan praktikaların bəzi əsaslarını qısa şəkildə təqdim etmək yerinə düşər.

Pareto qanunu

Pareto qanunu (Pareto prinsipi, 80/20 prinsipi) — iqtisadçı və sosioloq Vilfredo Paretonun adı ilə bağlı olan empirik qaydadır və ən ümumi formada belə ifadə olunur: “Səylərin 20%-i nəticənin 80%-ni verir, qalan 80% səylər isə cəmi 20% nəticə verir.” 80/20 prinsipinə riayət edilməsi çox müxtəlif sahələrdə müşahidə olunur. Məsələn, müxtəlif dövrlərdə bir çox cəmiyyətlərdə təxminən 20% insanın kapitalın 80%-nə sahib olduğu müəyyən edilmişdir. Biznes sahəsində isə çox vaxt müştərilərin və ya daimi alıcıların 20%-i mənfəətin 80%-ni təmin edir. Lakin burada əsas olan konkret rəqəmlər deyil, onların arasında mövcud olan ciddi fərqdir; qeyri-bərabərliyin dərəcəsini göstərən konkret göstəricilər müxtəlif ola bilər. Bundan əlavə, elitaların 80%-dən çox resursu, kapitalı və idarəetməni nəzarət altına almağa meyli həmişə mövcuddur ki, bu da adətən mürəkkəb sosial-iqtisadi və ictimai problemlərə gətirib çıxarır.

Vilfredo Pareto (1848–1923) — italyan mühəndis, iqtisadçı və sosioloq, “elitalar nəzəriyyəsi”nin əsasını qoyanlardan biridir. Politologiya və sosiologiyada “elitalar nəzəriyyəsi” dövlət nəzəriyyəsidir və insan cəmiyyətində hakimiyyət münasibətlərini təsvir və izah etməyə çalışır. Bu nəzəriyyəyə görə, cəmiyyətdə ən böyük hakimiyyət azlıq — elita tərəfindən həyata keçirilir. Konsepsiya belə hesab edir ki, xalq bütövlükdə dövləti idarə edə bilmir və bu funksiyanı öz üzərinə təşkilatlanma qabiliyyətinə və kollektiv məsuliyyət daşımaq gücünə malik elita götürür. Əgər elita bu vəzifələrin öhdəsindən gələ bilməzsə, bütün dövlət konsepsiyası zəifləyir və dağılır.

Pareto qanunu fəaliyyətin effektivliyini təhlil etmək və nəticələri optimallaşdırmaq üçün baza prinsip kimi istifadə oluna bilər: ən vacib minimum hərəkətləri düzgün seçməklə planlaşdırılan nəticənin böyük hissəsini qısa zamanda əldə etmək mümkündür; sonrakı təkmilləşdirmələr isə (Pareto əyrisinə uyğun olaraq) qeyri-effektiv və ya özünü doğrultmayan ola bilər. Hazırlanmış Pareto paylanması və Pareto optimalı bu gün iqtisadi nəzəriyyədə, menecmentdə, elektronika və maşınqayırmada, kadr siyasətində (HR), dövlət idarəçiliyində, politologiya və sosiologiyada, aqrar sahədə və digər elmi istiqamətlərdə geniş tətbiq olunur. Hətta mikroprosessorların işi belə Pareto qanunu nəzərə alınmaqla proqramlaşdırılır.

Qanunda göstərilən rəqəmlər mütləq dəqiq hesab edilə bilməz; bu, daha çox mnemonik qaydadır, real göstərici deyil. 20 və 80 rəqəmlərinin seçilməsi həm də Paretonun ev təsərrüfatları arasında gəlirlərin bölgüsündə konkret struktur aşkar etməsi ilə bağlıdır — gəlirlərin 80%-i ailələrin 20%-nin əlində cəmlənmişdi. Bu prinsiplər kənd təsərrüfatında, maşınqayırmada, kadr siyasətində və effektivliyin və faydalı iş əmsalının müəyyənləşdirilməsinin vacib olduğu digər sahələrdə də universal xarakter daşıyır.

Sirri deyil ki, hərbi əməliyyatlar zamanı hücum edən tərəf üçün ölkənin strateji və iqtisadi baxımdan mühüm ərazilərinin təxminən 20%-ni ələ keçirmək vacibdir. Məsələn, Ermənistanın işğalı altında Azərbaycanın ərazilərinin təxminən 20%-i olmuşdur. Gürcüstanın, Moldovanın, Ukraynanın ərazilərinin də təxminən 20%-i işğal altındadır.

SSRİ-nin dağılması üçün RSFSR-dən əlavə digər 14 ittifaq respublikasının müstəqilliyini elan etməsi kifayət idi ki, onların ərazisi bütün SSRİ-nin təxminən 20%-ni təşkil edirdi.

Başqa bir nümunə: 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin böyük hissəsini — təxminən 75%-ni azad etdi. Qalan 25% isə 2021–2023-cü illərdə keçirilmiş bir sıra antiterror əməliyyatlarının yekununda, xüsusilə 2023-cü ilin sentyabr əməliyyatı ilə tam şəkildə azad olundu.

Paretoya qayıdaraq qeyd edək ki, onun fikrincə cəmiyyət piramida quruluşuna malikdir və zirvədə bütün cəmiyyətin həyatını istiqamətləndirən elita dayanır. Lakin cəmiyyətin uğurlu inkişafı yalnız elitaların vaxtında yenilənməsi ilə mümkündür. Pareto bunu “qan dövranı” konsepsiyasında izah edirdi — yəni qeyri-elita və ya əks-elita nümayəndələrinin ən mobil hissəsinin hakim elita tərəfindən “yuxarıdan seçilmə” yolu ilə elita sıralarına daxil edilməsi. Əks halda, onun nəzəriyyəsinə görə, cəmiyyəti durğunluq və inqilab nəticəsində köhnə elitanın yenisi ilə əvəz olunması gözləyir.

Fibonaççı qanunu (qızıl kəsim)

Fibonaççı ədədləri (Fibonaççı qanunu və ya qızıl kəsim) — ilk iki ədədin 0 və 1 olduğu, hər sonrakı ədədin isə əvvəlki iki ədədin cəminə bərabər olduğu ədədi ardıcıllıqdır: 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, 377, 610, 987, 1597, 2584, 4181, 6765, 10946, 17711… Bu nisbət qrafik şəkildə qövs formasında təsvir edildikdə Şərqdə və Azərbaycanda ən qədim simvollardan biri olan “buta” orna- mentini xatırladır.

Ardıcıllıq orta əsr riyaziyyatçısı Leonardo Fibonaççinin (Leonardo Pizalı) şərəfinə adlandırılmışdır. Fibonaççı ardıcıllığı qədim Babil, Hindistan, Misir və müsəlman Şərqində Avropada məşhurlaşmazdan çox əvvəl memarlıqda, riyazi hesablamalarda və metrik elmlərdə (prosodiya, yəni şeir ölçüsü) istifadə olunurdu.

Qızıl kəsim prinsipi əsasında binalar, piramidalar, göydələnlər, körpülər və mürəkkəb dayanıqlı konstruksiyalar inşa olunur. Məsələn, Qız qalası həm qızıl kəsim qaydaları nəzərə alınmaqla tikilmiş, həm də formaca onu xatırladan qədim me- marlıq nümunəsidir.

Leonardo Fibonaççi (1170–1250) orta əsr Avropasının ilk böyük riyaziyyatçısı hesab olunur. Onun “Abak kitabı”, “Həndəsə praktikası”, “Kvadratlar kitabı”, “Çiçək” traktatı və digər əsərləri Avropada mövqeli say sisteminin və ərəb (hind) rəqəmlərinin yayılmasına böyük töhfə vermişdir.

Şihabəddin Sührəvərdi

Şihabəddin Sührəvərdi (1155–1191) — İran azərbaycanlı filosof və mistik, “İşraq” (nurlanma) fəlsəfəsinin yaradıcısıdır. O, Zəncan yaxınlığında - tarixi Azərbaycanın cənub bölgələrində doğulmuşdur. “Şeyx əl-İşraq” (Nurlanma ustadı) adı ilə tanınırdı. Sührəvərdi qədim hikmət ənənəsini dirçəltməyə çalışır, işıq və qaranlığın, işıq və səs vibrasiyalarının, rəng çalarlarının insan cəmiyyətinin sabit idarə olunmasına təsirini araşdırırdı. 1186-cı ildə tamamladığı “İşraq fəlsəfəsi” (Hikmət əl-işraq) onun ən mühüm əsərlərindən sayılır. O, bidət ittihamı ilə edam edilmiş və buna görə də “əş-Şeyx əl-Məqtul” (Öldürülmüş şeyx) ləqəbini almışdır. Edam əmri böyük türk hökmdarı Səlahəddin Əyyubinin oğlu əl-Məlik əz-Zahir tərəfindən verilmişdir.

Sührəvərdinin ideyaları sonradan Avropada da yayılmış, müəyyən dərəcədə illüminat hərəkatına və Maarifçilik dövrünə təsir göstərmişdir.

Qısa əsaslandırma

Eyni zamanda, ətrafımızdakı dünyada baş verən hadisələri daha dərindən proqnozlaşdırmaq məqsədilə həmfikirlər qrupumuzun Qafqaz Tarixi Mərkəzinin layihələri çərçivəsində modelləşdirdiyi müəyyən işlər mövcuddur. Nəticələr tarixi hadisələrin, coğrafi xüsusiyyətlərin, eləcə də tarixi Azərbaycanda məskunlaşan xalqların xarakter və mədəni kodlarının öyrənilməsi əsasında çıxarılmışdır.

Xalqımız ailəni və dövləti - Böyük Ailənin başçısı olan ədalətli hökmdarı sevir. Ailə dəyərləri bizim qədim kodlarımızdır ki, onlara riayət etmək lazımdır, lakin onlardan sui-istifadə etmək olmaz. Müəyyən bir zaman mərhələsi var ki, həmin dövrdə bu kodlar daha effektiv fəaliyyət göstərir. Lakin bu, artıq ayrı bir mövzudur.                                                                                                             

Astronomik və riyazi hesablamalara görə, zaman nəinki nisbidir, həm də makro və mikrokosmosdakı bütün obyektlərin hərəkət etdiyi dövrilik (siklik) qanunlarına uyğundur. Yəni bütün cisimlər, planetlər, ulduzlar, qalaktikalar, eləcə də elementar zərrəciklər dövri şəkildə hərəkət edir, çünki onlara dalğa və digər enerji növləri təsir göstərir. Bu qanunauyğunluq zamanın axarına da aiddir; zaman bizim üçün nəinki dövridir, həm də üçölçülüdür. İnsan gözü və şüuru üçün ətraf aləm üçölçülü olduğu kimi, zamanın axarını da biz üçölçülü dərk edirik. Təəssüf ki, son 150-200 ildə təhsil sistemi vasitəsilə zamanın və tarixi proseslərin dövriliyini inkar edən Avropa "xətti zaman və tarix" konsepsiyası yayılmışdır.

Zaman dövrləri okeandakı dalğalara bənzəyir; onlar spiral şəklində burularaq dövrilik effekti yaradırlar. 36 illik kiçik zaman dövründə qısamüddətli layihələr reallaşır. 36 illik dövr Ay və Günəşin hərəkəti arasındakı fərq nəticəsində yaranır. Günəş ili 365 və ya 366 sutkaya, Ay ili isə 354 və ya 355 sutkaya bərabərdir. Beləliklə, hər il Ay təqvimi Günəş təqvimindən orta hesabla 10 gün geri qalır. Nəticədə 36 il ərzində Ay və Günəş təqvimləri arasında bir illik fərq yaranır. Yəni hər 36 ildən bir Ay və Günəş təxminən eyni zaman nöqtəsində kəsişirlər.

Hesab olunur ki, 36 illik dövr uzun ilin (artıq ilin) fevral-mart aylarında başlayır. Məhz buna görə də bizim və qonşu xalqlar üçün Novruz bayramı və ondan əvvəl fevral-mart aylarında gələn 4 həftəlik "çillə" mühüm rol oynayırdı. Bu konsepsiyada kosmik zamanın əqrəbi fevral-mart aylarında hərəkət edir və bir kosmik saniyə bizim 4 ilimizə bərabərdir. Buna görə də müxtəlif mədəniyyətlərdə, inanclarda və ənənələrdə taleyüklü layihələrin məhz uzun illərdə həyata keçirilməsi qaydası hələ də qorunub saxlanılır. Məsələn, ABŞ-da prezident seçkiləri, Olimpiya oyunları və digər analoji tədbirlər antik ənənələrə, metafizikaya və filosofiyaya söykənərək hər 4 ildən bir keçirilir. Bununla belə, qeyd etməliyik ki, biz heç də gətirdiyimiz bu postulatlara əsaslanmağa çağırmırıq. Bu postulatların bir çoxu qədim bütpərəst kultlarından və inanclarından götürülüb və tək Allahlıq (Tövhid) doktrinasına ziddir. Lakin astronomik, fiziki və bioloji qanunauyğunluqlara əsaslanan müəyyən elmi işlər də mövcuddur.

36 illik kiçik dövr üç ədəd 12 illik dövrdən ibarətdir (12 il bir astroloji bürclər dövrəsidir), bu 12 illik dövrə isə öz növbəsində üç ədəd 4 illik mərhələyə bölünür. Saat siferblatı da məhz bu prinsiplə qurulub: 12 saatlıq dövrə (və ya iki 12 saatlıq dövrə – 24 saat) 4 mərhələyə (səhər, günorta, axşam və gecə) bölünür. Bu dörd mərhələ doğuluş, böyümə, zirvə və ölümü simvolizə edir – yəni bu dünyada bütün orqanizmlərin, insanların, cəmiyyətlərin, dövlətlərin, ideya və layihələrin keçdiyi yolu. Dörd mərhələ tamamlandıqdan sonra yenidən yeni bir dövr başlayır və bütün bu dövrlər spiral şəklində təxminən belə görünür: doğuluş, böyümə, zirvə və ölüm - doğuluş, böyümə, zirvə və ölüm... Fibonaççi qanunu ilə açılan bu spiralı dəniz qabığı və ya riyazi sonsuzluq simvoluna bənzəyən Möbius lenti (Möbius vərəqi və ya ilgəyi) şəklində təsəvvür etmək olar.

Kiçik 36 illik dövrün öz güzgü əksi olan təkrarı var və beləliklə, kiçik dayanıqlı bir layihəni tam reallaşdırmaq mümkün olan 72 illik müddət alınır. Daha ciddi layihələr üçün 360 illik orta dövr istifadə olunur ki, bu da öz güzgü əksi ilə birlikdə 720 il (layihənin "nəfəs alması və nəfəs verməsi") edir. "Nəfəsalma" zamanı layihə genişlənir və öz zirvəsinə çatır, sonra 360 illik zirvədə "nəfəsvermə" və layihənin daralması başlayır; bunun fonunda isə digər (əks, düşmən) layihə genişlənməyə başlayır. Bunu antik dövrlərdən Orta əsrlərə, Maarifçilik dövrünə və günümüzə qədər Qərb və Şərq layihələrinin nümunəsində görmək olar. Hər dəfə Qərb layihəsinin zəifləməsi Şərq layihəsinin güclənməsinə səbəb olmuşdur və əksinə. Biz bu gün Maarifçilik dövrü ilə başlamış və hazırda Liberal layihənin qürubu ilə başa çatan Qərb layihəsinin 360 illik qüdrət dövrünün sonunu yaşayırıq. Bundan əvvəlki 360 illik dövrdə Cənubi Avropa İntibahı (Renessans), ondan əvvəl isə müsəlman-türk orta əsr İntibahı mərhələsi və s. olmuşdur; bunu antik dövrə və daha dərin keçmişə qədər davam etdirmək olar.

Həmçinin 2148 illik Böyük astronomik dövr də var ki, bu da günümüzdə başa çatmaqdadır – Balıqlar dövrünü Dolça (Sutökən) dövrü əvəz edir. Qeyd edək ki, təxminən 2012-2024-cü illər aralığında həm 36 illik kiçik dövrün, həm də 360 illik orta dövrün sonu gəlir.

ЧИТАТЬ ПОЛНОСТЬЮ