7 января 2021 г.

https://www.baki-xeber.com/

Rizvan Hüseynov: “Sözsüz ki, bərpa dövründə Şuşa qalasının içindəki tikililərlə, məscidlərlə, karvansaralarla tarixi görkəmi...”


“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir...”. Bunu Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Şuşanın bölgənin mədəniyyət mərkəzi kimi statusunun daha da məşhurlaşması üçün nələr etmək olar?

“Şuşanın bölgənin mədəniyyət mərkəzi statusu formatı ənənəvi olaraq Qarabağ xanlığı və ondan əvvəlki dönəmlərdə mövcud olan ənənələr üzərində qurulacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, “Qafqaz Tarixi Mərkəzi”nin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdı: “Sözsüz ki, burada bir neçə element işlənilməlidir. Ən birinci Şuşa şəhəri və Şuşa qalası düzgün bərpa olunmalıdır. Burada nəyi nəzərdə tuturam? Bizim gözümüzün önündə olan Şuşa Sovet dönəmində tikilən və bərpa olunan Şuşadır. Bu dövrdə Şuşanın mahiyyəti və təyinatı bir qədər dəyişdirilib. Yəni Çar Rusiyası dönəmində Şuşa provinsial bir qala rolunu oynayırdı, Çar Rusiyası bu qalanı alandan sonra onun təyinatını dəyişdirmək üçün əlindən gələni etdi. İstər qalanın içindəki tarixi memarlıq tikililərini, istərsə də onların təyinatını dəyişdirdi, Şuşa şəhər ətrafına aid olmayan binalar saldı. Mahiyyətini tam dəyişdi. Sözsüz ki, bərpa dövründə Şuşa qalasının içindəki tikililərlə, məscidlərlə, karvansaralarla tarixi görkəmi, mənzərəsi bərpa olunmalıdır. Sonradan işğal dövründə ermənilər tərəfindən tikilən binaların, kilsələrin məsələsi həll olunmalıdır. 

Məsələn, işğal dövründə Şuşada Qazançı kilsəsi tikilib. Halbuki, orada belə bir kilsə yox idi. Bu kilsə Şuşanın mərkəzində deyil, kənarında olsa da, şəhərin planını ermənilər elə dəyişib ki, sanki şəhərin mərkəzi rolunu o kilsə “oynayır”. Yəni bu kilsə hər tərəfdən görsənir. Bu məsələ də öz həllini tapmalıdır, onun ətrafında böyük bağ, park salınmalıdır ki, onun “mərkəz yolu”nu bağlasın. Ənənəvi olaraq Şuşa şəhəri qaladan başlamalıdır, necə ki, Bakıda və başqa şəhərlərdə mərkəz rolunu qala oynayır. Bu yollar, tikililər yenidən bərpa olunmalıdır. Ermənilər son 28 ildə orada yolları da dəyişib. Şuşanın özünün içində ermənilər yol salmaq adı ilə tarixi binAları dağıdıblar. Ermənilər bu acı təcrübəni İrəvanda da həyata keçiriblər. “Yol salınır, infrastruktur bərpa olunur” adı ilə qəsdən tarixi tikililəri dağıdıblar. Bu tikililər bərpa olunmalıdır. Hətta ermənilər bəzi tarixi binaları söküb daşını başqa bir yerdə yığıblar. Guya Şərq mədəniyyətidir, amma belə deyil. Birincisi, memarlıq məsələsinə diqqət yetirilməlidir.

Cənab Prezident çox müdrik addım ataraq həm Şuşanı mədəniyyət mərkəzi élan etdi, həm də beynəlxalq Füzuli aeroportunun tikintisi ilə bağlı qərar verib. Çox adam bunun mahiyyətini bilmədi ki, nə üçün bu sərəncamlar qoşa verilib. Bunun mahiyyəti odur ki, Xocalı aeroportu Azərbaycanda yerli aeroport rolunu daşıyacaq. Yəni onun beynəlxalq aeroport statusu götürülür, bura birbaşa beynəlxalq uçuş olmayacaq. Bu işlər Azərbaycanın nəzarəti altında olacaq. Rusiya sülhməramlıları, yaxud xaricdəki erməni diasporunun nümayəndələri ora gəlmək istəsələr, onlar beynəlxalq Füzuli aeroportuna enəcəklər və Azərbaycanın tikdiyi yolla Qarabağa gedəcəklər. Bu iki məsələ çox mühümdür və bununla bağlı cənab Prezident tərəfindən müdrik qərar verildi. Bu həm də hədəfləri həll edir ki, kənardan kimsə icazəsiz gəlməyə cəhd etməsin. Prezident Şuşaya tək bölgə üçün yox, bütövlükdə beynəlxalq mərkəz status verib. Füzuli aeroportu və Füzulidən Şuşaya gələn həmin yol birbaşa bu işə xidmət edir. Füzulidən gələn bu yol beynəlxalq trasa birləşir. İranı, Ermənistanı, Naxçıvanı, Türkiyəni keçərək Avropa ilə bağlanacaq, o biri tərəfi isə Bakıya kimi gəlir və buradan da Xəzər üzərindən Asiyaya gedir. Baxın, Şuşa ətrafında belə bir qovşaqlar yaradılır. Təbii ki, Şuşa bizim milli konservatoriyamızdır. Şuşada yetişən nəsillər ora qayıtmalıdır. Şuşada o vaxt musiqini, digər incəsənət növlərini inkişaf etdirən nəsillər vardı. Təəssüflər olsun ki, çoxu ya dünyasını dəyişib, ya o ənənələri itirib. Mən burada bir haşiyəyə çıxmaq istəyirəm. Sovet dövründə Şuşanı yalnız musiqi mədəniyyəti beşiyi kimi təqdim edirdilər, amma Şuşanın qala, hərbi istehkam, siyasi mərkəz rolunu qəsdən itirirdilər. Sovetlər Birliyi Şuşanın Azərbaycan üçün tarixi əhəmiyyətini itirməyə çalışırdı. 

Təklifim budur ki, Şuşa həm bölgənin mədəniyyət mərkəzi kimi inkişaf etsin, həm də burada vaxtilə əsası qoyulan hərbi ənənələr də unudulmasın. Yəni unutmayaq ki, Şuşa qalasını inşa etdirən Qarabağ xanı Pənahəli xan bu yeri əbəs yerə seçməyib, buranın hərbi-siyasi baxımdan dominant olduğunu bilərək seçib. Yəni bütün Qafqazı idarə etmək üçün, Qafqazboyu yolların buradan keçdiyini bilərək, bu yolu nəzarətə alaraq, bu qalanı saldırıb. Dediyim kimi, Şuşa bizim üçün təkcə bir mədəniyyət mərkəzi deyil, hərbi-siyasi bir istehkamdır. Çar Rusiyası və Sovetlər dönəmində həyata keçirilən mənfur siyasət nəticəsində Şuşanın hərbi-siyasi, strateji rolunu aradan götürüblər. Bunun əvəzinə başqa şeylər gətirildi. Bütün bunlar öz həllini tapmalıdır. Şuşanın bölgənin mədəniyyət mərkəzi statusu formatı ənənəvi olaraq Qarabağ xanlığı və ondan əvvəlki dönəmlərdə mövcud olan ənənələr üzərində qurulacaq” - deyə ekspert bildirdi.


İradə SARIYEVA


Комментарии: