17 февраля 2022 г.


Biz illərdir ki, UNESCO-nun bu ədalətsiz mövqeyini görürük. Burada bir sıra səbəblər var. Sözsüz ki, ən əsas səbəb UNESCO-nun bir təşkilat olaraq əsasən Fransanın nəzarəti altında olmasıdır. Çox təəssüf ki, ən böyük universal təşkilat olan BMT-nin təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşmış təşkilatı UNESCO hazırda özünü Fransa XİN-in bir departamenti kimi aparır və açıq-aydın erməni maraqlarına xidmət etdiyi görünür.

Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov bildirib.

O qeyd edib ki, Fransanın tarixə, mədəniyyətə və siyasi proseslərə baxışı mənzil-qərargahı Parisdə yerləşən UNESCO üçün əsas meyardır. Eyni zamanda Fransa-Ermənistan münasibətlərinin nə qədər isti olması da heç kim üçün sirr deyil:

“Bu faktor UNESCO-nun məsələlərə baxışında öz neqativ rolunu oynayır. Əslində UNESCO dünya irsini qorumaqdan daha çox bəzi məqamlarda siyasi məsələlərə baş vurur. Yəni, bəzi vəhşiliklərə göz yumur, digər əsası olmayan məqamları qabardır. Yəni, Avropanın, yaxud Fransanın maraqları hansı coğrafiyaya və ya hansı məsələlərə gedirsə, o arada UNESCO aktivləşir. Birmənalı olmayan aktiv siyasət yürüdür. Sözsüz ki, Qarabağ məsələsində Fransanın və başqa Avropa ölkələrinin birmənalı mövqeyi var. Yəni, Ermənistanın tərəfindədirlər. Baxmayaraq ki, Azərbaycan-türk-müsəlman tarixi-dini abidələri, memarlıq nümunələri, yüzlərlə qəbiristanlıq dağıdılıb. Ancaq bu məsələdə UNESCO çox da dərinə getmir ki, ermənilərlə münasibətləri pozmasın. Yəni, ötən illər ərzində bu, açıq-aşkar sezilirdi. 44 günlük Vətən müharibəsi yeni başlamışdı ki, UNESCO öz mövqeyini bildirdi. Hesab edirəm ki, həmin mövqenin tələsinə düşdü, onun əsiri oldu. UNESCO yenə ermənipərəst mövqe bildirdi, guya azad olunmuş ərazilərdə xristian erməni dini abidələri dağıdılır. Halbuki hələ müharibənin başlanmasından bir neçə gün ötmüşdü və nə baş verdiyi bəlli deyildi. Ancaq belə aktiv reaksiya verməsi onun kimin tərəfində olduğunu göstərdi”.

Rizvan Hüseynov deyib ki, UNESCO-nun Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki vəziyyəti görməkdə ciddi marağı yoxdur:

“Çünki aparılacaq monitorinqin nəticələri göz önündədir. UNESCO-nun Azərbaycanın dağıdılmış şəhərlərini görüb obyektiv qiymət verməsi kifayətdir. 67 məsciddən səhv etmirəmsə 64-ü tamamilə dağıdılıb. Qalanları da nə günə salınıb. Məscidlərdə donuz saxlanılıb, qəbirlərin əksəriyyəti qazılaraq çıxarılıb. Türbələr, karvansaraylar məhv edilib. Elə Şuşanın özünə baxıb görəcəklər ki, ermənilər bu tarixi Azərbaycan şəhərini nə günə salıblar. Əgər UNESCO-nun marağı ancaq Şuşadakı kilsə ilə bağlı deyilsə, şəhərin nı günə qoyulduğuna qiymət verməlidir. Belə də vandalizm olarmı? UNESCO Şuşadakı kilsə məsələsini qabartmaqla işini bitmiş hesab etməməlidir. O kilsə təzəlikcə tikilib. İşğal zamanı o kilsədə böyük tikinti işləri həyata keçirilib. Həmin kilsə əvvəllər kiçik bir kilsə olub. İşğaldan öncə Şuşanın bütün erməni əhalisini yığsaydın, o kilsənin heç yarısı dolmazdı. Məgər UNESCO bunu bilmir? UNESCO bu məsələləri nəzərə almalıdır. Yəni, kimlərsə (ermənilər) orada özünə qondarma tarix, mədəniyyət qurub, ancaq kimlərinsə (azərbaycanlıların) tarixi, mədəniyyəti, memarlıq nümunələri tam dağıdılıb. Sözsüz ki, bunu təsdiq etmək UNESCO-nun maraq dairəsində deyil. Yəni, gözü ilə gördüyünə imza atmalıdır. Sonra bu məsələ beynəlxalq təşkilatlarda, beynəlxalq hüquqda yer ala bilər. Yəni, Azərbaycan və digər ölkələr UNESCO-nun araşdırmasının nəticəsinə istinad edəcəklər. Ona görə də UNESCO bu mərhələdə öz missiyasının reallaşdırılmasını imkan daxilində uzatmağa çalışacaq”.


Müəllif: Səxavət Həmid

Комментарии: