17 апреля 2020 г.



Dağlıq Qarabağdakı qondarma rejimdə keçirilən şouya seçki demək olmaz. Ona görə ki, seçki keçirmək üçün bir sıra ilkin şərtlər lazımdır. İlk növbədə seçkidə bütün əhali iştirak etməlidir. Yəni, qovulan, didərgin salınan Azərbaycan əhalisi başda olmaqla seçki, yaxud referendum keçirilə bilər.

Bunu Teleqraf.com saytına açıqlamasında “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri, araşdırmaçı alim Rizvan Hüseynov deyib.

O qeyd edib ki, buna görə də ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası “seçkiləri” tanımadı və bu prosesdə iştirak etmədilər:

“Onlar heç müşahidəçi də göndərmədilər. Bütün dünyada koronavirus pandemiyası ilə mübarizə gedir. BMT Baş katibinin kütləvi tədbirləri təxirə salmaqla bağlı çağırışına baxmayaraq, qondarma rejimin bu vəziyyətdə atdığı addım bir daha göstərir ki, onlar beynəlxalq çağırışlara məhəl qoymurlar. Bunu Azərbaycan hər zaman deyir. Bu, birbaşa isbatdır. Bütün dünya pandemiya ilə mübarizədə eyni cərgədə dayanır. Amma tanınmamış rejim bildiyini edir, beynəlxalq birliyin bütün çağırışlarını rədd edir. Son günlər Ermənistan mətbuatında İran dövlət nömrə nişanlı yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq, xammal və ərzaq daşımaları barədə məlumat və videogörüntülər yayıldı. Onlar bu xəstəliyi də Dağlıq Qarabağa daşıyırlar. Buna baxmayaraq, onlar istədikləri nəticəni əldə edə bilmədikləri üçün ikinci tur düzənlədilər və Araik Arutyunyan qalib elan edildi”.

Rizvan Hüseynov qeyd edib ki, burada diqqət çəkən bir məqam da var:

“Qərb yönümlü Ermənistan hakimiyyətinin məqsədi o idi ki, rəhbərliyə həm onlara, həm də Qərbə yaxın bir insan gətirilsin. Hətta Nikol Paşinyan Dağlıq Qarabağda olanda demişdi ki, burada da Ermənistandakına bənzər bir inqilab olmalıdır. Biz bilirik ki, Dağlıq Qarabağda Rusiyanın dayaqları daha möhkəmdir. Əsas mübarizə nəyin uğrunda idi? Elə bir adamın seçilməsini istəyirdilər ki, həm Rusiyanı, həm ruspərəst Qarabağ klanını, həm də indiki Ermənistan hakimiyyətini qane etsin. Ona görə də Arutyunyan “seçilən” kimi, hələ nəticələr təsdiqlənməmiş onu ilk növbədə Ermənistan prezidenti Armen Sərkisyan zəng vuraraq təbrik etdi. Bu onu göstərir ki, Arutyunyan rəsmi İrəvana lazım olan, onların istədiyi adamdır”.

R.Hüseynov qeyd edib ki, artıq iki ildir Paşinyan Ermənistanda hakimiyyətə yiyələnədən sonra Dağlıq Qarabağ İrəvana tabe olmaq istəmirdi:

“Rusmeyilli qüvvələr Qarabağda faktiki olaraq Paşinyana qarşı çıxırdılar, ona tebe olmurdular. Qarabağ klanı tam başqa fikir yürüdürdü. Robert Köçəryanın həbsindən sonra bu məsələ daha da çətinləşmişdi. Baxmayaraq ki, Rusiya hakimiyyəti İrəvana Köçəryanı həbsdən buraxmaqla bağlı təzyiqlər edirdi. Bu təzyiqlər qarşısında duruş gətirmək Qarabağ klanına da bir mesaj idi. Onlar başa düşürdülər ki, Paşinyanla dil tapmağa məcburdurlar”.

R.Hüseynovun sözlərinə görə, N.Paşinyana Ermənistanda öz dayaqlarını möhkəmləndirək üçün iki il vaxt lazım oldu:

“Belə çıxır ki, indi də Dağlıq Qarabağda öz dayaqlarını möhkəmləndirdi və buna paralel olaraq, Qarabağ klanının dayaqları zəifləyir. Üstəlik, Köçəryan həbsdədir. Heç bir yolla Moskva Paşinyanı Köçəryanı azad etməyə məcbur edə bilmədi”.

Bu dəyişikliyin Azərbaycan üçün hansı nəticələr doğuracağına dair məsələyə toxunan müsahibimiz bildirib ki, birincisi, hamı anlayır ki, Qarabağ erməniləri İrəvandan asılıdır:

“Bütün təchizat, ərzaq, silah Ermənsitandan gəlir. Ona görə də bu dəyişiklik gec-tez baş verməli idi. Yəni, Ermənistan Qarabağdakı hakimiyyəti özünə tabe etdirməli, dəyişdirməli idi. Bu baş verdi. Hətta, mən sizə deyim ki, seçki prosesi başlamamışdan öncə Artur Ağacanov və xaricdə yaşayan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan, dəstəkləyən böyük bir qrup Qarabağ ermənisi bir etiraz müraciəti ilə çıxış etdilər. Onlar videomüraciət, mətbuat üçün bəyanatlar yayaraq bildirdilər ki, birincisi, bu qondarma seçkilərdir. İkincisi, bütün dünya koronavirusla mübarizə aparır. Amma Dağlıq Qarabağda yalançı bir seçki keçirilir. Artur Ağacanov bir daha dünya ictimaiyyətini bu "seçki"ləri qəbul etməməyə çağırdı və dedi ki, əslində Qarabağ ermənilərinin böyük bir hissəsi Qarabağda yaşamır və onların böyük bir qismir Qarabağ rejimini dəstəkləmi. Əksinə, Azərbaycanı dəstəkləyirlər. Bunların da səsi nəzərə alınmalıdır. Deməli, 2 qüvvə də bunun üstünə gəlinməlidir. Bunlardan birincisi Qarabağdan qovulan azərbaycanlılardır. Əgər qaçqınların ümumi sayı 700 min nəfərdirsə, sırf Dağlıq Qarabağdan qovulanlar ən aşağısı 70 mindən çoxdur. İkinci qüvvə Qarabağı tərk edən yüz minlərlə ermənidir. Onların böyük bir qismi də Azərbaycanı dəstəkləyir. Bax, Artur Ağacanov bu mesajı verdi”.

R.Hüseynov bu vəziyyətə payızadək hansısa aydınlıq gətiriləcəyini ümid etdiyini vurğulayıb:

“Sülh danışıqlarının heç bir predmeti, məntiqi olmasa, payızda hərbi-siyasi variantın daha məqbul olmasını gözləməliyik”.


Müəllif: Səxavət Həmid

Комментарии: