19 апреля 2020 г.

reyting.az


Çingiz Abullayev,
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor

Aprelin 18-i mənim və dünyanın müxtəlif ölkələrində yaşayan dostlarım üçün özəl bir gün olmalı idi. Alman-Azərbaycan Cəmiyyətinin 30, mənim isə 60 illik yubileyim münasibəti ilə «30+30: Birlikdə-Zusammen» layihəsinin hazırlığına alman qaydalarına uyğun olaraq 6 ay öncədən başlamışdıq. Layihə çərçivəsində məhz bu gün -aprelin 18-də də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında (Alman Kirxası) tədbir keçiriləcəkdi. Zəngin proqram - axşam ziyafəti, rəsmi hissə və Almaniyadan gələcək Ida Haag, Viktor Gayst və Aleksandr Haanın ifasında alman musiqisi ilə yanaşı, Azərbaycanın da klassik musiqi ifaçılarının iştirakı ilə vəhdət təşkil edəcək konsert təəssüf ki, təxirə salındı.

Tədbirdən bir gün öncə keçiriləcək «Azərbaycan-Almaniya: münasibətlər və perspektivlər» adlı Beynəlxalq Konfransına təkcə xaricdən deyil, Azərbaycanın müxtəlif elmкавка və təhsil ocaqlarından koordinator professor Həcər Verdiyevanın elektron ünvanına çoxsaylı məqalələr göndərilmişdi. Konfransa xaricdən gəlmələri nəzərdə tutulan, almaniyalı qonaqlardan, Yenadan Bernd Ştange və xanımı Dorothea, İngolştadtdan professor Oskar Valter, Nurnbergdən Valdemar Ayzenbraun, professor Olga Litzenberger, Türkiyənin Ankara Qazi Universitetindən professor Selma Yel, Gürcüstanın Tbilisi Dövlət Universitetindən professor Nana Gaprindaşvili, tədqiqatci Simon Kapadze, Tbilisidəki M. F. Axundov adına muzeyin direktoru Leyla Əliyeva, Qazaxıstandan Yuliya Podoprigora kimi qonaqlar, bəşəriyyəti bürüyən COVID-19 pandemiyası üzündən məyus olaraq, biletlərini geri qaytardılar.

Hə, onu da nəzərinizə çatdırım ki, Bakıya səfər edəcək ailə dostum, dünya çapında məşhur futbol məşqçisi, Bernd Ştangenin gəlişi münasibəti ilə onu tanıyan Azərbaycandakı futbol mütəxəsisləri, media nümayəndələri, elm və incəsənət xadimlərinin iştirakı ilə, Keşlədə təhsil aldığım orta məktəbin futbol meydançasında dostluq oyununu keçirərək, məktəbliləri də sevindirmək istəyirdik.

Ancaq hər şey biz saydığımız və hesabladığımız kimi yox, qaydaları pozulmuş təbiətin istədiyi kimi oldu.

Onu da bildirim ki, martın 13-də axşama yaxın, dostum Manfred Ştaynel və xanımı Olga Ştaynel mənə telefonla, «Bəlkə tədbiri təxirə salasan», - mesajını yazdılar.

Ertəsi gün səhər tezdən dostum Bernd Ştange, vəziyyətin gərgin olduğunu bildirdikdə, təcili Mədəniyyət Nazirliyinin rəsmisi İsmayıl Hüseynovla əlaqə saxlıyaraq, tədbiri başqa vaxta keçirmək qərarına gəldik.

Əlbəttə, dostların gəlməmələri məyusluğunu təsvir etmək istəmirdim. Xüsusi ilə də Selma xanımın səsli mesjı məni çox təsirləndirdi. Gedişat göstərdi ki, qəbul etdiyimiz qərar «Axırıncı aşırım» filmində demişkən, «...vəziyyət gözlədiyimizdən də ağır imiş».

Hə, onu da deyim ki, dostum Manfred Ştaynel on il əvvəl başına gələnlərdən ehtiyatlanaraq, bu dəfə bileti öncədən almamışdı. Düz on il öncə, 2010-cu ildə, Cəmiyyətin 20, mənim 50 illik yubileyim ərəfəsində, İslandiyada vulkan püskürərək, Avropanı qara buludlara bürümüşdü. Dostumun bir neçə gün İstanbulda məcburən qalmağını da xatırlayıram.

On il ərzində tədbirlər ərəfəsində cəryan edən qəfil hadisələr, düşünürəm təbiətin qəzəbi ilə bağlıdır. Təbiətdə qaydalar pozulduqda, onun quruluşuna dərindən müdaxilə edildikdə, əsəbləşib, zəlzələ, sunami və ya vulkan püskürdərək, insanlara mesaj göndərir.

Alman sənətşünası Albrext Dürerın fəlsəfəsində elm və yaradacılığın təbiətlə bağlılığı fikri, muasir dövrümüzdə də öz təsdiqini tapır desək, yanılmarıq.

Ancaq layihədə olduğu kimi, biz «Birlikdə-Zusammen» olmaqla, gücümüzü göstərib, fürsətdən istifadə edib, qloballaşan dünyada ənənəvi adət-ənənələri qoruyub, təbiətin sərvətlərindən ədalətlə faydalanmalıyıq.

Cəmiyyət olaraq, ruhdan düşməməli, hərə öz işində peşəkarlıqla gələcəyə inamla addımlamalıdır.

Fürsətdən istifadə edib, bu arada Cəmiyyətə ünvanlanan təbriklərə görə, rəsmilərə və dostlara təşəkkürümü bildirirəm.

«30+30: Birlikdə-Zusammen» kitab-kataloqunun təqdimatında görüşmək ümidi ilə….

Комментарии: