9 марта 2022 г.

Qarabağda vəziyyətin dəyişə biləcəyi əslində gözlənilirdi. Bununla bağlı gözləntilər var idi. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qarabağda müvəqqəti olan rus sülhməramlı missiyasının fəaliyyətində bəzi dəyişikliklər baş vermişdi. Sözsüz ki, erməni separatçılarının da hərəkətlərində, davranışlarında müəyyən dəyişikliklər müşahidə olunurdu. Yəni, nəzər-diqqət Ukrayna olduğu üçün rus hərbi maşını əsas gücünü ora yönəldib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Ukraynada gedən müharibəni planlaşdıran əsas hərbi mərkəzdir. Qarabağdakı sülhməramlılar da birbaşa həmin Baş Qərargaha tabedir.



Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, ehtiyatda olan kapitan Rizvan Hüseynov bildirib.

Onun sözlərinə görə, son həftələrdə gördüyümüz, eşitdiyimiz xəbərlərdən bəlli olur ki, rus sülhməramlılarının bir qismi Laçın dəhlizi vasitəsilə Ermənistana köçürülüb, oradan isə Ukraynadakı döyüşlərə qatılıblar: “Bu, təkcə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə aid deyil. Xaricdəki bir çox nöqtələrdə buna bənzər missiyalardakı rus kontingentinin bir qismi Ukraynaya səfərbər olunub. Gözlənilirdi ki, burada bəzi dəyişikliklər də baş verəcək. Belə bir məlumat da var ki, sülhməramlıların bütün postlarda xidmət aparması çətinləşib. Yəni, bir qismi Ukraynaya getdiyi üçün əvəzində erməni separatçıları arasında formanı geyinib rus sülhməramlıları ilə birgə belə deyək, partul xidməti aparmaq cəhdləri var. Sözsüz ki, Azərbaycan bunu bilirdi. İstər strateji əhəmiyyət daşıyan Xocalı rayonunun Pirlər (ermənilər Xramort deyir) kəndi, istər bu kəndin üzərindən keçən yoldan üzü aşağı – cənuba doğru Əsgərandır, sonra Xocalıdır, üzü yuxarıya doğru isə Ağdərədir. Yəni, prinsipial bir yoldur. Bu yol əslində müvəqqəti olaraq rus sülhməramlı missiyası ilə bizim azad olunmuş torpaqlar arasında müvəqqəti patrul aparılır. Burada rus sülhməramlı missiyasının rəhbəri general-mayor Andrey Volkovun özünü çox qəribə aparması, qəribə davranışı var. Bunu Azərbaycan tərəfi çoxdan bilir. Hətta Volkov əvvəldən, hələ bura gəlmədən ermənipərəst idi. Onlarla çox isti münasibətləri var idi. Belə bir qərəzli, tərəf olan adamın bu missiyaya təyin olunması böyük sual altındadır”.

Rizvan Hüseynov A.Volkovun vaxtilə atdığı səhv addım barədə də danışıb: “Biz bilirik ki, müharibə başa çatandan sonra – 2020-ci ilin dekabr ayında bir qrup erməni hərbçi Xocavənd rayonunun qərb tərəfində yerləşən Köhnə Tağlar və Çaylaqqala kəndində mühasirədə qalmışdı. Burada Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmişdi. Nəticədə xeyli terrorçu ələ keçirilmişdi. Həmin bu əməliyyat vaxtı o dövrdə rus sülhməramlı kontingenti komandanı Rüstəm Muradovun müavini Andrey Volkov gözlənilmədən zirehli döyüş-nəqliyyat maşını ilə əməliyyatın keçirildiyi əraziyə yaxınlaşıb. Tələb edib ki, əməliyyat dayandırılsın, bununla da öz çətin vəziyyətə düşən erməni dostlarına kömək etmək istəyib. Azərbaycan Ordusu çox gözəl davranışla Vokovu oradan uzaqlaşdırıb. Ona başa salınıb ki, ona aid olmayan məsələlərə müdaxilə etməsin. Yəqin ki, bu da onda inciklik doğurub. Bu rəzillik onun yadında qalıb. Üstəlik biz görürük və xəbərlər də yayılır ki, Volkovun sülhməramlıların məsuliyyət zonasında şəxsi iqtisadi maraqları yaranıb. Yəni, separatçılarla kənd təsərrüfatına, üzümçülüyə aid biznes qurub. Həmin Pirlər kəndi istiqamətində üzüm bağları, başqa biznes növləri var. Bəzi işlər aşırır. Sözsüz ki, bunlar hamısı rus sülhməramlı missiyasının fəaliyyətinə ləkə gətirir”.

Müsahibimiz bildirib ki, Azərbaycan tərəfinin səbrlə yanaşsa da Pirlər kəndi istiqamətində olan məsələlərə buna gec-tez reaksiya verəcəyi gözlənilirdi: “Burada yəqin ki, Volkovun əmri ilə, yaxud başqa bir göstərişlə xüsusi hərbi texniki üsulla hərbi təyinatlı müdafiə işləri görülüb. Bu da təbii ki, Azərbaycanı narazı salıb. Azərbaycanın ərazində kiminsə müdafiə təyinatlı tədbirlər görməsi ölkəmizi qane edə bilməz. Bunun qarşısını almaq üçün Azərbaycan ehtiyac olarsa əməliyyat keçirəcək. Biz bilirik ki, dünən də, bu gün də o istiqamətdə gərginlikdir, ümumiyyətlə bir neçə gündür gərginlik hökm sürür. Hətta yada salaq ki, Azərbaycan tərəfi hələ fevralın 26-da səsgücləndirici vasitəsilə Pirlər kəndinin sakinlərinə erməni dilində müraciət etmişdi. Bildirilmişdi ki, burada hərbi məqsədli heç bir qanunsuz işlər görülməsin, səngərlər qazılmasın. Yoxsa, Azərbaycan tərəfi tədbirlər görməyə məcbur olacaq. Bunun davamı olaraq biz bilirik ki, tədbirlər görülür və görüləcək. Hətta erməni Telegram-kanallarının yazdığına görə, bu kəndin əhalisi evakuasiya olunub və gərginlik davam edir. Burada yekun olaraq özümüz üçün hasil edə bilərik ki, Azərbaycan tərəfi dayanmadan, heç bir vaxtı unutmadan rus sülhməramlı missiyasının müvvəqəti nəzarətində olan ərazilərimizin təhlükəsizliyinin təmin olunmasını və ordan gələn təhlükələri nəzərə alır. Bizim üçün prinsipial məsələ Xocalı rayonu, Xocalı istiqamətidir. Düşmən tərəfi – başqa ad vermək olmur – öz beynində hansısa gizli və aşkar planlar hazırlayırsa, bilməlidir ki, bu planlar ona baha başa gələcək. Yəni, erməni tərəfinin hərəkətləri bu istiqamətdə davam etsə və rus sülhməramlı missiyası erməni tərəfinə dəstək verməyə davam etsə, yəqin etmək olar ki, üzümüzə gələn günlərdə Azərbaycan Ordusu daha sərt, ciddi addımlar atmağa məcbur olacaq”.


Müəllif: Səxavət Həmid

Комментарии: