10 февраля 2022 г.


Rizvan Hüseynov: “Voskanyanın Bisütun yazılarını təhrif edib bu şəkildə təqdim etməsi yolverilməzdir”

İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran kafedrasının müdiri Vardan Voskanyan İrəvanda keçirilən “elmi konfransda” sərsəm bir açıqlama verib. İran - Ermənistan məsələlərindən danışan Voskanyan iddia edib ki, İran - Ermənistan münasibətləri bir sıra cəhətlərinə görə fərqlənir.


Onun iddiasına görə, Bisütun əlyazmalarında guya Böyük Daranın vaxtından “regionda yalnız ermənilər və iranlılar olub”. Voskanyan qeyd edib ki, Ermənistanla İran arasındakı sərhədlər guya dünyada ən “qədim sərhədlərdən” biridir və dünyada çox az sayda dövlət belə “qədim sərhədlərə malikdir”. Guya ki, bu “sərhədlər” hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, 30 il ərzində bu sərhədlərin vacibliyinə diqqət yetirilməyib, Ermənistanın və İranın təhlükəsizliyi üçün bu sərhədlərdən istifadə edilməyib. Onun iddiasına görə, guya bu sərhədlərin iki komponenti olub - “İran-Ermənistan” və “Arsax-İran”. Voskanyanın əsassız iddiasına görə, İran və Ermənistan arasındakı “sərhədlər” islam və xristianlıq arasındakı sərhədlərdir (?), guya iki fərqli din və mədəniyyət sistemi qardaşlıq münasibətləri ilə yaşaya bilir (?).  

Voskanyanın ortaya atdığı cəfəngiyyata şərh verən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran kafedrasının müdiri, İran-Ermənistan münasibətləri üzrə mütəxəssis Vardan Voskanyanın İrəvanda keçirilən “elmi konfransda”kı çıxışını oxuyanda adamı dəhşət bürüyür: “Dəfələrlə İrəvan Dövlət Universitetinin alimləri ilə xaricdə görüşmüşəm, birgə tədbirlərdə də iştirak etmişəm, onlarla yazışmışam da. Sonda bu qənaətə gəlmişəm ki, erməni xəstə millətçiliyinin, uydurma tarixşünaslığının xəstə təxəyül daşıyıcısı olan  insanların əsas toplumu elə İrəvan Dövlət Universitetində toplaşıb. O xəstə təfəkkürlü şəxslər bu universitetdə humanitar fənlər tədris edənlərdir. Mən onlardan neçəsini tanıyıramsa, onların çoxunun psixoloji problemi var. Bu psixoloji problemin də səbəbi gecə-gündüz yalançı erməni tarixi konsepsiyasını tədris etmək, oxumaq və buna inanmaqdır. Yəni bunlar həqiqətən də xəstədirlər.

İstər Vardan Voskanyan, istərsə də “elm ocağının” adını çəkmədiyim digər “alimləri” daim erməni cəmiyyətinə, erməni gənclərinə, tələbələrə yalan satırlar. Hətta sizə deyim ki, keçən əsrin 80-ci illərində Ermənistanda azərbaycanlılara qarşı ilk olaraq nifrətə səsləyən, camaatı küçəyə çıxaran, mitinq və ixtişaşlarda iştirak edənlər İrəvan Dövlət Universitetinin müəllimləri, professorları olub. Yəni erməni-azərbaycanlı münaqişəsinin, o dəhşətli müharibənin təməlində duranların ən əsas fiqurlarından biri də İrəvan Dövlət Universitetinin müəllimləridir. 

Baxın, bu xəstə təxəyyüllü adam nələr deyir? Bisütun yazısı göz qabağındadır. İstənilən şəxs hətta google-də də axtarışa verə və onunla tanış ola bilər. Bisütun yazısı tam tərcümə olunmuş formada üzə çıxır, bu tədris olunur da. Adını “şərqşünas” qoyan bu xəstə şəxs Voskanyan faktiki olaraq demək istəyir ki, guya (Bisütun yazısı e.ə. təxminən VI əsrin ortlarına, əvvəllərinə şamil olunur, o dövrədki hadisələrdən bəhs edir) qədim tarix erməni və fars münasibətlərindən ibarətdir. Bunu da elə “isbatla” deyir ki, guya heç kimin Bisütun yazılarından xəbəri yoxdur. Erməni tələbələrin özləri məgər girib google-də oxuya bilmirlər ki, kitabədə nədən bəsh olunur? Əhəmənilər dövlətində hakimiyyətə gələn I Dara hakimiyyət uğrunda 9 rəqibinə qalib gəlir və 23 ölkəni öz imperiyasına birləşdirir. Daranın zəfərindən bəhs edən bu kitabədə onun döyüşdüyü bütün xalqların, ölkələrin adları sadalanır. Amma Voskanyanın iddiasından belə çıxır ki, o kitabədə ancaq ermənilərdən və farslardan danışılıb, burada onlardan başqa heç kimdən bəhs olunmayıb. Yenə də deyirəm, Bisütun yazısında əsas iştirakçılar köçəri dövlətlərin hökmdarlarıdır. Bisütun kitabələrində sakların, Parfiya köçəri dövlətinin adı keçir. Əsas döyüş iştirakçıları bunlardır, Babilər imperiyasıdır, Misir və sair ölkələrdir. Bisütun yazısında adı keçənlərdən biri də Azərbaycan xalqının əcdadlarından olan Midiyadır, müasir Azərbaycanın da birbaşa o tarixə aidiyyəti var. Yəni Midiya, Atropatena, böyük və kiçik Midiya tarixinə bizim birbaşa bağlılığımız mövcuddur. Bu kitabədə tarixi hadisələr bu mövzu ətrafında cərəyan edir. Həmçinin də coğrafi ərazi olan Armeniyada (o da Ermənistan deyil) baş verən üsyan və onun yatırılması haqqında da danışılır. Amma burada etnik cəhətdən ermənilərdən danışılmır. Dediyim kimi, Armeniya coğrafi ərazi idi və burada ermənilərdən söhbət getmirdi”.

R.Hüseynovun qeyd etdiyinə görə, bu o dövr idi ki, hələ xalqlar, etnik qruplar, dinlər formalaşmamışdı, bu səbəbdən də ermənilərdən və başqa xalqlardan söhbət gedə bilməzdi. O deyir ki, Bisütun kitabəsində əks təsvir eidlən hadisələr xristianlıqdan öncə e.ə VI əsrdə baş verib. “Bu səbəbdən də Voskanyanın Büsütun yazılarını təhrif edib onu bu şəkildə təqdim etməsi yolverilməzdir. Voskanyan məgər bunları bilmir ki, yalan satır? Bu yalanların nəticəsində erməni xalqı dəfələrlə böyük təlatümlər, faciələr yaşayıb. Erməni xalqı bu yalançı, uydurma tarixə inanır ki, guya ermənilərin belə “qədim tarixi”, “dövlətçiliyi” olub. Bu kimi yalançı təbliğat sahəsində ermənilərdə qonşu xalqlara qarşı ərazi iddiaları və nifrət formalaşıb, bunun da kökündə Voskanyan kimi yalançıların fəaliyyəti dayanır.

Ən gülməlisi odur ki, Voskanyan Ermənistan-İran sərhədini “ən qədim sərhəd” adlandırır. Nəyin qədim sərhədidir? Ermənistan vilayət olaraq Anadolunun cənub istiqamətində, müasir İraq-Türkiyə-İran sərhədində yerləşirdi. Əgər Voskanyan sərhəd axtarırsa Fərat və Dəclə çayları arasında olan coğrafi Ermənistanı axtarsın. İstər Bisütun yazılarında, istərsə də başqa qədim mənbələrdə birbaşa həmin ərazi coğrafi erməni vilayəti kimi göstərilib. Yəni onun da Qafqaza heç bir aidiyyəti yoxdur. Əgər coğrafi Ermənistanı axtarırsa gedib o ərazidə “o qədim sərhədi” axtarsın və ora köçsün, orada yaşasın, o əraziləri sevsin. Sonra gülməli bir məqam odur ki, guya “İran-Ermənistan” sərhədi ən qədim “müsəlman-xristian” sərhədidir. Guya şiəliklə erməni dini vəhdət yaşayıb mədəniyyətlər qurub. Özünə “alim” deyən bu xəstə şəxs məgər bilmir ki, müasir şiəliyi, orta əsr şiəliyini ideologiya, din formatı kimi ortaya çıxaran Qızılbaşlardır, azərbaycanlılardır, Azərbaycan qızılbaşlarıdır, Səfəvi Qızılbaş dövlətidir? Bundan əvvəl Ağqoyunlu, Qaraqoyunlu, hətta Səlcuq dönəmindən sonra  meydanda olan bütün türk-Azərbaycan dövlətlərində tədricən şiəlik konsepsiyası işlənilib və dediyim kimi, tanıdığımız müasir şiəlik əsasən türkdilli xalqların, Azərbaycan xalqının əcdadları olan toplumların ideoloji-dini konsepsiyasıdır. Sonra istər farslar, istərsə də başqa millətlər bu konsepsiyanı qəbul etdi, farslar da, başqa xalqlar da Azərbaycan Qızılbaş dövlətinin tərkibində yaşayıblar. Həmin konsepsiyanı da bizim əcadadlarımızdan götürüb. Xəstə təfəkkürlü Voskanyan bunu bilmir ki? Yəqin ki, bilir, amma qəsdən yalan danışır. Nəticədə yenə də erməni gəncliyini problemə düçar edəcək, yenə də bu xalq əziləcək, vurulacaq, məğlub olacaq.

Faktiki olaraq belə insanların fəaliyyəti nəticəsində Ermənistan dövlətçiliyini də itirəcək, yeni ərazilər axtarmağa məcbur olacaq. Nə qədər ki, Ermənistanda belə yalançılar özlərinə “alim” deyərək ictmai fikri formalaşdırmağa çalışır, o qədər də erməni xalqı bu faciələrdən çıxa bilməyəcək”- deyə R.Hüseynov qeyd etdi.


İradə SARIYEVA


Комментарии: