2 августа 2018 г.

https://teleqraf.com/


Qafqaz Tarixi Mərkəzinin rəhbəri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, UNESCO-nun assistent professoru (dosent) Rizvan Hüseynov dostu, iyulun 31-də Mərkəzi Afrika Respublikasında qətlə yetirilən Rusiya Müsəlman Jurnalistləri İttifaqının yaradıcısı, Rusiyanın tanınmış hərbi jurnalisti Orxan Camalla bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Rizvan müəllim, Orxan Camalın qətlə yetirilməsi ilə bağlı hardan məlumat əldə etdiniz?

– Həm informasiya agentlikləri və saytlardan məlumat aldım, həm də Orxanın yaxın dostu olan Maksim Şevçenko bizim üçün daha etibarlı mənbə idi. Dostlarımızla birgə onunla zəngləşdik. Əsas ümidimiz, etibarımız Maksimə idi. Biz gözləyirdik ki, o bu xəbəri təsdiq etməyəcək. Dünən gecə Maksim bu barədə “Feysbuk” səhifəsində paylaşım edib və çox geniş izahat verib. O qeyd edib ki, qarət versiyası axmaqlar üçündür. Burda heç bir qarət olmayıb. Sürücü də sağ qalıb. Ona toxunan olmayıb. Maksimin fikrincə, bu, jurnalistin siyasi qətlidir. Səbəb də Orxanın Rusiya KİV-lərində “ÇVK Vaqner”, azərbaycanca Vaqnerin Xüsusi Hərbi Kompaniyası adlandırılan qeyri-rəsmi muzdlu hərbi birləşmə ilə bağlı bir neçə müddətdir apardığı araşdırmadır. Məsələ ondadır ki, “ÇVK Vaqner”in bir dəstəsi Mərkəzi Afrika Respublikasına gedib çıxıb. O ölkədə tayfalararası döyüşlər, yaxud vətəndaş müharibəsi gedir. Ora orta əsrlər demək mümkün olmasa da, hər halda çox qəribə mənzərə mövcuddur. “ÇVK Vaqner” ora gedib tayfaların birinin tərəfində muzdlu olaraq döyüşlərə qatılmalı idi. Deyilənə görə, Orxanın çəkiliş qrupu Mərkəzi Afrika Respublikasına gələndən bir gün əvvəl “Vaqner”in döyüşçüsü guya bir yerli gənci qətlə yetirib. Nəticədə iğtişaşlar başlayıb. Bu məqamda Orxangil gəlib. Yəni, belə əsaslandırırlar ki, guya yerli əhali qalxıb və baxmayıb ki, kim kimdir. Çox qəribədir ki, nəyə görəsə heç bir dəxli olmayan çəkiliş qrupunu güllələyiblər. Versiyaların biri budur. Ancaq Maksim bu versiya ilə razı deyil. Yəqin ki, biz yekun nəticəni gözləməliyik. Bundan sonra gedişat bilinəcək. Görək kimlərlə və hansı maraqlı qüvvələrlə bağlayacaqlar.

– Yəni, Maksim Şevçenko jurnalistlərin “ÇVK Vaqner” tərəfindən qətlə yetirildiyini iddia edir?

– Maksim konkret bunu demir. O, bu qətli siyasi sifariş adlandırır. Siyasi sifariş dedikdə bu artıq “Vaqner”lik də olmur. Daha geniş anlam təsəvvürdə canlanır. Sözsüz ki, “Vaqner”in hansısa yüksək vəzifəli şəxslərlə hansısa çox böyük bağlılıqları var. Özbaşına deyil. Anlayırıq ki, muzdlu döyüş qrupları özləri durub hansısa ölkəyə gedən deyil. Bu baxımdan yəqin, Maksim bu məsələyə işarə edib ki, “Vaqner”in arxasında dayanan qüvvələr və şəxslər var.

Biz “Vaqner”in fəaliyyətinin nədən ibarət olduğunu bilirik. Bu muzdlular Suriyada dəhşətlər törədiblər, daha öncə Ukraynada – Donbasda çox pis işlər görüblər. Əfsuslar olsun ki, “Vaqner” qatı hərbi cinayətlər törədən bir dəstədir. Anlamaq olar ki, kimsə onların fəaliyyətini araşdırsa, yumşaq desək, yaxşı qarşılanmayacaq. Ancaq şəxsən tanıdığım üçün deyə bilərəm ki, Orxan Camal həddən artıq cəsur insan idi. Onda çox mühüm olan 3-4 insani keyfiyyət birləşmişdi. Çox səmimi idi. Biz, insanın fikirləşdiyini birbaşa dilinə gətirdiyini çox nadir hallarda görürük. Orxan belə bir insan idi. Həm də onda kövrək uşaq qəlbi var idi. Bu keyfiyyət insanda çox vaxt qalmır, insan vaxt keçdikcə hiyləgər olur. Üstəlik də belə cəsurluq. Bu insan hardasa haqsızlıq, yaxud bir zülm görəndə fikirləşmədən özünü həmin o hadisələrin düz ortasına, belə deyək, səhnəyə atırdı. Özü haqqında, öz təhlükəsizliyi haqqında heç fikirləşmirdi. Ukraynada olanda Allah onu dəfələrlə qorudu. Bu adam dəfələrlə səngərlərlə birbaşa döyüş gedən mövqelərə, təhlükəli, bəyənilməyən, icazə verilməyən istiqamətlərə gedib. Liviyada Müəmmar Qəddafi devrilən zaman – 2011-ci ildə ayağından ağır yaralanmışdı. O vaxtdan bir ayağında qəlpə ilə yaşayırdı. Yeriməyə çətinlik çəkirdi. Buna baxmayaraq, bu insan daim fəaliyyətdə idi. Qorxu hissi ona yad idi. Halbuki, biz belə travmalar alan insanlarda stress və qorxu olduğunu bilirik. Amma Orxanda belə bir şey yox idi. Əfsuslar olsun ki, nəticə belə oldu. Onu Mərkəzi Afrika Respublikasına göndərən tərəf də hələ açıqlanmır. Yəni, niyə görə və kimin sifarişi ilə onlar bu araşdırmanı aparırdılar. Hələlik konkret bəlli deyil ki, Orxanı ora kim göndərib.

– Rusiyalı jurnalistlərin bu Afrika ölkəsinə sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi bildirilir...

– Hələlik bu təxminlərdir. Ola bilsin ki, izi itirmək məqsədilə bu versiya ortaya atılıb. Bəlkə də belə bir bağlılıq var. Hələlik çox versiya irəli sürüləcək. Hər halda biz gözləyirik ki, Orxanın ətrafından olan yaxın adamlar bizə nə məlumat verəcək. Dəqiq bir şey bilinmir.

– İstərdik bir qədər də Orxan Camalla görüşləriniz, söhbətləriniz barədə məlumat verəsiniz…

– Biz Moskvada və Bakıda dəfələrlə görüşmüşük. O, Bakıya qonaq gəlirdi, biz Moskvaya gedəndə xəbərləşib görüşürdük. Çoxlu müzakirələrimiz olub. Çox dərin düşüncəli bir insan idi, atasından böyük bir elm almışdı. Biz bilirik ki, Heydər Camal böyük islam filosofu idi. Onun ölümü də çox müəmmalı oldu. Heydər Camalın ölümü ilə bağlı hələ də suallar qalmaqdadır.

Onların Qarabağ məsələsinə dair baxışı çox geniş idi. Məsələn, Heydər Camal izah edirdi ki, ilk növbədə Azərbaycan xalqı səfərbər olmalı, eyni zamanda problemin həlli üçün böyük islahatlar olmalıdır. O, təkcə Azərbaycan Respublikasının hüdudları ilə məhdudlaşmırdı. Bütöv Azərbaycanı – İrandakı azərbaycanlıları fikirləşirdi. Bizə orta əsrlərdə mövcud olmuş Azərbaycan imperiyalarının varisi kimi baxırdı və o düşüncəni təşviq etməyə çalışırdı. Heydər Camal daim deyirdi ki, orta əsrlərdə islamın inkişafında Azərbaycanın böyük rolu olub və indi də rolu danılmazdır. Heydər Camal böyük mütəfəkkir idi və illər keçdikcə onun verdiyi proqnoz və analizlərin özünü doğrultduğunu görürük. Onların verdiyi proqnoz və analizlərdən bəlkə 10, 30, 50 il sonra da faydalanmaq mümkün olacaq.

Sözsüz ki, Orxan da atasının elmindən su içmişdi. O da atası ilə həmfikir idi və Azərbaycan haqqında həmişə bizdən məlumat istəyirdi. Yəni, Rusiyada gəzib dolaşan məlumatlara inanmırdı. Orxan əsasən tarixi məsələləri çox dəqiq öyrənmək istəyirdi. Azərbaycan xalqının etnogenezi, tarixi hadisələrlə maraqlanırdı. Başa düşürdü ki, Rusiyada bu məsələləri hərə öz marağından çıxış edərək izah edir. Orxan tez-tez bizdən müxtəlif məsələlərə dair rəyimizi soruşurdu və fikirlərimizi çox diqqətlə dinləyirdi. Heç vaxt sözümüzü kəsməzdi. Hissi olunurdu ki, özü üçün informasiya toplayır. Orxan sırf Azərbaycanla bağlı gələcəkdə hansısa fəaliyyət proqramı hazırlamağı düşünürdü. Amma bu planlar da yarımçıq qaldı…

Bundan başqa Heydər və Orxan Camal Rusiyada bizim sözümüzü deyən, mövqeyimizi müdafiə edən insanlar idilər. Heydər Camal müxtəlif tele-debatlarda dəfələrlə erməni ekspertlərini susdurmuşdu. Orxan da ondan geri qalmırdı.

Böyük itkidir, amma üsyan etmək olmaz. Allah bilən məsləhətdir. Bu insanların – ata-oğulu nəzərdə tuturam – həyatı kimi ölümü də cəmiyyətləri silkələdi. Onlar haqqın tərəfində idilər, sözün düzünü deyirdilər və problemin kökünü göstərirdilər. Bu itkilər nəzərləri dünyada olan problemlərə, sivilizasiyaların toqquşmasına, islamla, müsəlmanlarla bağlı olan problemlərə, bir sıra transmilli korporasiyaların yer kürəsini haqsızcasına istismar etmək problemlərinə cəlb etdi. Heydər və Orxan Camal qorxmadan bu problemləri deyirdilər. Onlar şam kimi yandılar və cəmiyyətlərə işıq verdilər. Ümid edirəm ki, onların davamçıları olacaq.

Müəllif: Səxavət Həmid

Комментарии: