8 февраля 2012 г.









“AqRa” EİDİB adından Rizvan Hüseynova və http://www.1news.az rəhbərliyinə bu səviyyəli müsahibə üçün TƏŞƏKKÜRLƏR!

Tur Xeyerdal(ata) Azərbaycana son dəfə 2000-ci ildə gələndə hələ Gəmiqaya ilə əlaqəli tədqiqatlar başlanmamışdı. Azərbaycanda Oslo Universiteti (Norveç) ilə birlikdə Azərbaycan alimləri tərəfindən təşkil olunmuş və məşhur səyyahın Azərbaycana ilk səfərinin 30-illiyinə, Azərbaycanın müstəqilliyinin 20-illiyinə və Oslo Universitetinin 200-illiyinə həsr olunmuş “Tur Heyerdal və Azərbaycan” mövzusunda 4-günlük elmi-praktiki konfrans keçirilir.
Qeyd edək ki, Tur Heyerdal dünya tarixinə yalnız cəsur dəniz səyyahı, alim və okeanoqraf kimi deyil, həm də bir sıra kitabların və cəsarətli ideyaların müəllifi kimi daxil olmuşdur. Xüsusən, onun təşəbbüsü ilə qədimdə vikinqlərin Norveçə Qafqazdan və Azərbaycandan köçdüyünü xəbər verən qədim Skandinaviya saqalarının və orta əsr mənbələrinin doğruluğunu sübut etmək məqsədilə tədqiqatlar başladılmışdır. Bu məqsədlə Tur Heyerdal dörd dəfə Azərbaycanda olmuş (1981—2000-ci illər) və bu nəzəriyyəni təsdiq edən maraqlı faktların üstünü açmağa müvəffəq olmuşdur.

Bakıya gəlmiş Norveç nümayəndə heyətinin tərkibində Tur Heyerdalın oğlu — onun adaşı kiçik Tur Heyerdal da vardır və 1news.az onunla Skandinaviya və Azərbaycanın qədim əlaqələri və digər məsələlərlə bağlı çox maraqlı müsahibə aparmışdır.

— Dəfələrlə Azərbaycanda olmuş və öz tədqiqatlarının bir hissəsini ölkəmizə həsr etmiş atanız Tur Heyerdalın həyat və fəaliyətinə həsr olunmuş beynəlxalq tədbirdə – Azərbaycanda olarkən hansı hissləri keçirirsiniz?

—   Azərbaycanda atama qarşı dərin hörmət və onun elmi fəaliyyətinə canlı maraq məni çox heyrətləndirdi və sevindirdi. Atam çətin xarakterə malik və mürəkkəb daxili dünyası olan insan olmuşdur. Öz fəaliyyətində o, elmdə mövcud olan yanlış fikirlərin tədqiqinə daha çox diqqət yetirmiş və bu problemlərin həlli üçün müxtəlif  yeni variantlar təklif etmişdir.

O, məsələnin mahiyyətində başqalarının görə bilmədiyi və ya diqqət yetirmədiyi məqamları görürdü.
Məsələn, Bakıdakı tədbirlərdə və elmi konfranslarda çıxış edən alimlərin fikirlərinin nə qədər müxtəlif olduğunu siz də görə bilərsiniz, Heyerdal tərəfindən bir zamanlar deyilmiş, skandinaviya xalqlarının, vikinqlərin Azərbaycanla sıx bağlılığı haqqında fikirlərlə bağlı qızğın müzakirələr gedir. Düşünürəm ki, bu müzakirələr yeni başlayıb və hələ davam edəcək və əgər bu mövzu ilə müxtəlif sahələr üzrə alimlər ciddi-cəhdlə məşğul olurlarsa, demək, vikinqlərin Azərbaycandan Norveçə köçməsi mövzusu aktualdır və tarix elmində öz yeri vardır.

— Səhv etmirəmsə, vikinqlərin köçü Tur Heyerdalın qədim miqrasiyalarla bağlı qaldırdığı birinci mövzu olmayıb və hər şey çox-çox əvvəl başlayıb?

— Xatırladım ki, atam okeanoqraf kimi fəaliyyətə başlamışdır. Belə ki, o, Sakit okean adalarında tədqiqatlar aparmış, Asiyadan və Cənubi Amerikadan insanların həmin yerlərə miqrasiyası proseslərini öyrənmişdir. O zamanlar Polineziya adalarına insanların haradan gəlməsi ilə bağlı geniş mübahisələr gedirdi, çünki bir çox alimlər insanların ora yalnız Asiyadan gəldiyini iddia etsələr də, Heyerdal bura Cənubi Amerikadan da insanların gəldiyini sübut edirdi.

Atam faktlar və tədqiqatlar əsasında sübut edə bildi ki, Polineziya adalarına miqrasiya prosesləri həm Asiyadan, həm də Cənubi Amerikadan olmuşdur. Heyerdal və onun komandasının özlərinin düzəltdiyi qədim “Kon-Tiki” gəmisində bu marşrut üzrə səyahəti bu ehtimalı tam təsdiq etdi, lakin bu miqrasiya yolları ilə bağlı şübhələr yenə də elmdə qalmaqdadır.

— Belə bir təəssürat yaranır ki, atanız hər zaman mübahisəli elmi nəzəriyyələrin mərkəzində olmuş və köhnəlmiş stereotipləri təkzib etməyə çalışmışdır…

— Tamamilə doğrudur, bu, məhz belə olub, üstəlik Heyerdal əksər hallarda haqlı çıxmışdır. Məsələn, onun ölümündən sonra Oslo Universitetinin tibbi genetika üzrə professoru Polineziya adalarının və Cənubi Amerikanın sakinlərindən götürülmüş DNT nümunələrini tədqiq etmişdir. Nəticədə DNT analizləri və barmaq izlərinin təhlili əsasında sübut olunmuşdur ki, Polineziyalıların bir qismi, xüsusən Polineziyanın şərq adalarında yaşayanlar, həqiqətən də oraya Cənubi Amerikadan gəlmişlər.

— Bu halda, nə üçün DNT analizi üsulu ilə skandinaviya xalqlarının, xüsusən norveçlilərin azərbaycanlılarla qohumluğu ilə bağlı çoxillik mübahisəyə son qoyulmasın və vikinqlərin Skandinaviyaya Azərbaycandan köçməsinin mümkünlüyü ilə bağlı mövzuya nöqtə qoyulmasın?

— Bu, artıq edilib! Vikinqlərin qədim döyüş gəmisi olan “Drakkar”ın yanındakı dəfn yerlərindən birində tapılmış vikinqin skeletindən DNT nümunələri götürülmüşdür. Sonra həmin nümunələr Qafqaz xalqlarının və azərbaycanlıların DNT-si ilə müqaisə olunmuş və həqiqətən də həmin vikinqin onlarla qohumluq əlaqəsinin olduğu elmi sübut olunmuşdur. Avropanın qədim xəritəsinə baxsanız, görərsiniz ki, qədimdə Şimali Avropa buzlar və donmuş torpaqla örtülmüşdü. Buzlaqların əriməsi prosesi başlayandan sonra insanlar şimala doğru hərəkət etməyə başlamışlar və onların miqrasiya marşrutuna diqqət etsək, görərik ki, onlar burdan — Qafqazdan və Azərbaycandan hərəkətə başlamışlar. Axı onlar şimala başqa heç yerdən köçə bilməzdilər, çünki ətrafda — sağda və solda — hər şey buzlarla örtülmüşdü.

Bu, elmdə qəbul olunmuş faktdır. Bilirsinizmi, mən ABŞ-a getmək üçün viza alarkən doldurduğum anketdə irqi mənsubiyyət haqqında sual var idi və variantlar arasında “Caucasian race” (qafqaz irqi) də göstərilmişdi və mən öz irqim olaraq məhz həmin variantı qeyd etdim. Yəni yalnız dünya elmi deyil, həm də beynəlxalq təcrübə istinad edir və qəbul edir ki, qafqazlılar ayrıca irqdir və avropalıların əcdadıdır.

— Bizdə ABŞ-a səfər etmək üçün viza almalı olanlar bu faktla tez-tez qarşılaşır və təəccüb edirlər. Yəni, dünya elmi avropalıların əcdadının qafqazlılar olması faktını qəbul edir, bundan başqa, artıq qeyd etdiyiniz kimi, qədim vikinqlərin və qafqazlıların DNT-sinin yaxın vaxtlarda aparılmış analizinin nəticələri bunu bir daha təsdiq etmişdir.

— Bəli, bu artıq aşkar və qəbul olunmuş faktdlr …

—  Tur Heyerdal vikinqlərin Azərbaycandan Skandinaviyaya köçməsi faktı haqqında danışarkən Skandinaviya saqalarına, eləcə də XIII əsrin məşhur İslandiya tarixçisi Snorre Sturlussonun mətnlərinə istinad etmişdir. 1220—1240-ci il tarixli mətndə Sturlusson, belə görünür ki, hazırda itirilmiş mənbələrə istinad edərək, iki mindən artıq il bundan əvvəl baş vermiş hadisələr haqqında danışır. Mətnə inansaq, İsanın dünyaya gəlməsindən iki nəsil əvvəl Qafqazda Oqden adlı kral yaşamış və Azər ölkəsində as adlanan insanlara hökmdarlıq etmişdir. Heyerdal həmçinin Odin adlanan Oqdenin Skandinaviyanın bütpərəstlik panteonunun baş allahı olmasına istinad edərək, vikinqlərin xüsusən Azərbaycandan köçməsini və dini köklərin və inancların müəyyən ümumiliyi faktını sübut edən başqa bir çox faktın üstünü açmışdır.

— Bəli, məhz hamıya məlum olan, lakin digərlərinin görmədiyi bu faktlar və mənbələr vikinqlərin buradan köçməsi ilə bağlı arxeoloji və digər sübutları axtarıb tapmaq üçün Heyerdalı ruhlandırmışdır.

— Həmçinin Snorre Sturlussonun mətnində qeyd olunur ki, Roma legionları Azər ölkəsinə gəldikdə, Oqden onlara müqavimət göstərə bilməmiş və rusların torpaqları vasitəsilə şimala getmişdir. Bütün bu faktlrar, mənbələr, arxeoloji tapıntılar və DNT analizlərinin nəticələri sizdə hansı fikirləri doğurur?

— Düşünürəm ki, əgər müxtəlif elm sahələrinin mütəxəssisləri, alimləri bu qədər illər ərzində bu mövzu ilə maraqlanır və onunla bağlı faktlar toplayırlarsa, istənilən sadə adam onlarla tanış olaraq, adi məntiqə və sağlam düşüncəyə əsaslanaraq başa düşər ki, vikinqlərin Azərbaycandan və Qafqazdan köçməsi faktı mövcud olmuşdur. Alimlər onilliklər ərzində bu mövzunu tədqiq edirlərsə, Azərbaycanda bir neçə gün davam edən elmi konfransda toplaşırlarsa, demək, onların bu mövzu ilə bağlı hələ də deyiləsi və göstəriləsi nəyisə vardır.

— Elə isə, nə üçün bəzi elmi dairələr və ölkələr vikinqlərin Qafqazdan və Azərbaycandan gəlməsi faktını qəbul etmir və buna qarşı çıxırlar?

— Məsələ ondadır ki, hər alim öz dar çevrəsində mütəxəsisdir, onun öz elmi kafedrası, tələbələri, imici və elmi dərəcələri vardır. Odur ki, belə mütəxəssisin yaratdığı kiçik elmi dünyaya, onun avtoritetinə və qazancına nə isə zidd olarsa, o, onun idilliyasını dağıda biləcək istənilən ideya və faktlara qarşı çıxış etməyə başlayır. Hər mütəxəssis, alim öz tədqiqat sahəsinin dərinliyinə dalır, nəticədə orada dərin bir quyu qazır və artıq həmin quyudan başqa heç nə görmür. Və bu zaman kənardan qeyri-standart düşünən insan gəlir və o, hər şeyə onların “quyusundan” yox, yuxarıdan baxır və digərlərinin topladığı faktları bir ümumi konsepsiyada toplayır.

— Yəni, mənfəətpərəstlik və avtoritetini itirmək qorxusu bəzi alimləri və elmi dairələri onlara mənfəət gətirə bilməyən və ya onların mənfəəti üçün təhlükə doğuran hər şeyi inkar etməyə məcbur edir?

— Birmənalı şəkildə! Tamamilə doğrudur! Onlar öz karyerası, avtoriteti, mənfəəti üçün təhlükə görür və buna görə də onların tədqiqatlarına ziddiyyət təşkil edən hər şeyə qarşı çıxış edirlər.

— Sizin fikrinizcə, vikinqlərin Azərbaycandan miqrasiyası ilə bağlı tədqiqatlar, Qobustanda vikinqlərin gəmilərini təsvir edən petroqliflərin tapılması, eləcə də, xüsusən, hal-hazırda Bakıda keçirilən, həmin mövzuya həsr olunmuş və müxtəlif ölkələrin alimlərini toplamış tədbirlər dünya tarix elminə hansı faydanı və töhfəni verə bilər?

— Birincisi, Bakıda toplaşmış Norveçin və Azərbaycanın elmi dairələri fikirlərin, faktların və tapıntıların mübadiləsi üzrə mühüm iş görürlər ki, bu da onların bütün bunları vahid bir şəklə salmağa cəhd etməsinə imkan verəcək. İkincisi, hətta elmi bir kənara qoysaq: biz özümüzə dost tapırıq, bir-birimizlə biliklərimizi, qiymətsiz təcrübəmizi bölüşürük və bütün bunlar ümumi işimizə və tədqiqatlarımıza böyük fayda verir.

— Qeyd etmək istərdim ki, qədim zamanlarda Azərbaycanda yaşamış muqlar (maqlar) tayfası – Muğan düzünün adı da həmin tayfa ilə bağlıdır – eləcə də onların indi muğam adlanan ruhani musiqisi, inancları, adətləri, ayinləri bir çox qədim sivilizasiyaların və xalqların formalaşmasında öz izini qoymuşdur. Qədim imperiyaları yaratmış və azərbaycanlıların əcdadı olan maqlar və midiyalılar dini bilik və elmlərə yiyələndikləri üçün hər zaman baş keşiş-şaman rütbəsini daşımışlar. Avropa salnamələrindən və İslandiya saqalarından aydın olur ki, vikinqləri Skandinaviyaya köçürmüş kral Odin də baş şaman olmuşdur ki, bu da onun Azərbaycanla əlaqəsini bir daha təsdiq edir…

— Çox maraqlı faktlardır, zamanında bu faktların atamda olmasını istərdim, təəssüf ki, atam artıq dünyasını dəyişib. Lakin gənc mütəxəssislər, o cümlədən burada, Bakıda toplaşmış Norveç və Azərbaycan alimləri bu faktları tədqiq edə və müqayisələr apara bilərlər.

— Qədim saqalarda salnaməçi Snorre Azər ölkəsinin adını bilavasitə çəkir vəvikinqlərin ilk kralı Odinin (Oqden) öz xalqını Azər ölkəsindən çıxardığını birbaşa qeyd edir. Odin özü “allahların soyundan” olmuş və bir insan kimi, şaman olmuş, onun sehr bilikləri və təcrübəsi isə ətrafdakılarda hörmət oyatmışdır. Saqalarda vikinqlərin ilkin atəşpərəstliyi haqqında da çox maraqlı fakt vardır. Snorrenin sözlərinə görə, məhz Odin onu gətirmiş və yaymışdır. O, sağalmaz xəstəliyə tutulanda bədəninin tonqalda yandırılmasını vəsiyyət etmişdi və Azər ölkəsindən gəlmiş bu cür basdırılma forması xristianlığın qəbul edilməsindən əvvəl hələ çox yüzillik ərzində Norveçlilər arasında mövcud olmuşdur …

— Tamamilə doğrudur, atam qədim saqalardakı bu mə`lumata istinad etmişdir. Yeni faktlara, o cümlədən sizin sadaladığınız faktlara gəlincə isə, əminəm ki, onlar mütəxəssislərin diqqətindən kənarda qalmayacaq və, ümid edirəm ki, alimlər öz fəaliyyətlərində bu faktlardan istifadə edəcəklər. Mənə gəlincə isə, mən atamla görüşər-görüşməz bu faktları ona çatdıra biləcəyəm (gülür) və atamın bu barədə fikirlərini buradakı mütəxəssislərə çatdırmaq üçün bu dünya ilə əlaqə saxlamağa çalıışacağam.

Rizvan Hüseynov

Комментарии: