29 октября 2016 г.





Oktyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Müdafiə nazirliyinin verdiyi xəbərə görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilib və ona qarşı qabaqlayıcı atəş zərbələri endirilib. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hərbi ekspert Rizvan Hüseynovun sözlərinə görə, Ermənistan ordusu aprel ayında uğradığı məğlubiyyətin revanşını almaq məqsədilə belə hücumlara tez-tez üz tutur. Amma ordumuz bu cəhdlərin qarşısını hər zaman uğurla alır. “Bu, uğursuz cəhd idi və diversiyanın qarşısı alındı. Çünki Azərbaycan ordusu öncədən Ermənistan hərbçilərinin yerdəyişməsi haqqında məlumatlı idi. Ermənilərin hava şəraitindən istifadə edərək gizlənməsi onu göstərir ki, onlar özlərinə güvənmirlər. Başqa vasitələrlə balaca da olsa, revanş götürməyə çalışırlar. Amma alınmayacaq”. 

Politoloq Sahil İsgəndərov bildirir ki, düşmənin təxribat cəhdi Ermənistanın təkcə hərbi müstəvidə deyil, siyəsətdə də mövqelərinin zəifləməsindən xəbər verir. Görünür, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona sonuncu səfər zamanı səsləndirdiyi fikirlər erməni tərəfini qane etməyib. Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətə gələn Ermənistan rəhbərliyinə istər ölkə daxilində, istərsə xaricdən təzyiqlər artıb. Belə olan halda isə vəziyyəti qəlizləşdirmək üçün təxribatlara əl atılır. “Qərbdəki qurumların nümayəndələrinin, Avropa qurumlarının Azərbaycana mütəmadi səfərləri sıradan bir şey deyil. Beynəlxalq aləmdə belə bir rəy formalaşdırılıb ki, münaqişənin həllində hansısa addımlar atılmalıdır. Görünür, Qərbdə elə qüvvələr var ki, bunda maraqlı deyillər. Ona görə də Ermənistan tərəfi təxribat törədir və sonra günah Azərbaycanın üstünə atmaqdan başqa çarə görmür. Artıq Ermənistan tərəfi anlayır ki, onların manevr imkanları çox daralıb”.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan da atəşə tutub. Müdafiə nazirliyinin məlumatına görə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozulubb. Atəş səsləri Ermənistanın İcevan, Noyemberyan, Berd və Krasnoselsk rayonları, Azərbaycanın Qazax, Tovuz, Gədəbəy, Tərtər, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonları istiqamətində eşidilib.


Комментарии: