4 июля 2014 г.


"MƏDƏNİYYƏT" gazeti - 20.06.2014

Erməni saxtakarlıqları faktlarla isbat olunur



Xəbər verdiyimiz kimi, iyunun 10-da Bakıda “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans keçirildi. Qafqaz Albaniyası irsinin qorunması və təbliği ilə bağlı fəaliyyətin genişləndirilməsi məqsədilə keçirilən konfransda bu dövr tariximizə dair maraqlı məruzələr təqdim olundu. Məruzələrdə o da qeyd edildi ki, Qafqaz Albaniyasının tarixi zaman-zaman ermənilər tərəfindən saxtalaşdırılmış, mədəni mirası mənimsənilmişdir.

Ölkəmizin Ermənistanın işğalı altında olan ərazilərində çoxsaylı alban kilsələri və digər abidələr var. Erməni vandalizminə məruz qalmış alban abidələrindən biri də Kəlbəcər rayonu ərazisindəki Gəncəsar məbədidir. Konfransda AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov “İşğal olunmuş Qarabağ ərazisindəki Gəncəsar kilsəsinin nümunəsində Qafqaz Albaniyası mədəni irsinin erməniləşdirilməsi” mövzusunda məruzə ilə çıxış etdi. Alimlə görüşüb Gəncəsar alban kilsəsi haqqında ətraflı məlumat aldıq. 



Tədqiqatçı bildirdi ki, Qafqaz Albaniyasının mədəni irsindən bəhs edən və ermənilərin zaman-zaman istinad etdikləri mənbələri bir daha nəzərdən keçirmək qərarına gəliblər: “Bununla bağlı bir neçə kitab əldə etdik. Məlum oldu ki, orada ermənilərə aid ediləsi iki-üç cümlə fakt var. Qalanı isə bizim keçmişimizi əks etdirən maraqlı məlumatlardan ibarətdir. Təəssüf ki, biz ermənilərin istinad etdiyi kitabları uzun müddət araşdırmamışıq. Həmin kitablar heç də, onların dediyi kimi, yazılmayıb. Sadəcə, ermənilər həmin məlumatların əksəriyyətini saxtalaşdırıblar”.

Rizvan Hüseynovun sözlərinə görə, araşdırılan kitabların içərisində ən dəyərlisi rus-sovet ermənişünası İosif Abqaroviç Orbelinin 1919-cu ildə yazdığı “Gəncəsar və Hovatsptuk yazıları” adlı kitabıdır. Uzun müddət elm aləmindən kənarda saxlanılan bu kitab 2011-ci ildə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun təşəbbüsü ilə Sankt-Peterburq arxivlərindən aşkar olunaraq Azərbaycana gətirilib. Sonra işğal edilmiş Qarabağ ərazisində məbədlərdəki çoxsaylı alban yazıları və onların indiki vəziyyətinin müqayisəli şəkildə öyrənilməsi üzrə iş başlanıb. 

XX əsrin əvvəllərində İ.Orbeli Yelizavetpol (Gəncə) quberniyasına ezam olunaraq, Gəncəbasar, Qarabağ ərazisindəki kilsələri araşdırmağa başlayır. Bu abidələrdə olan 300-ə yaxın yazının üzünü köçürür. O, eyni zamanda araşdırmalar əsasında Qarabağda yerləşən kilsələr haqqında silsilə kitablar yazmaq fikrində olub. Çox dəyərli məlumatların yer aldığı bu kitabdan geniş istifadə olunmayıb. Kitab bir neçə dəfə erməni dilinə tərcümə edilib və ermənilər də onlardan özlərinə lazım olan kimi istifadə ediblər. 

Bu gün isə İ.Orbelinin sözügedən kitabı sayəsində alban məbədlərindəki yazıların vəziyyətini müqayisə etmək, Azərbaycanın işğal olunan ərazilərində yerləşən XIII əsrə aid alban monastırı Gəncəsarda ermənilər tərəfində edilən saxtakarlıqları müəyyənləşdirmək mümkündür. İ.Orbelinin əsərində üç erməni müəllif (M.Barxudaryants, S.Cəlalyants və O.Şahxatunyants) tərəfindən edilən tərcümələr zamanı yol verilən səhvləri və sonradan yerləşdirilən məlumatları görmək olar. Məlum olur ki, hazırda Gəncəsar abidəsindəki yazılarda bəzi lövhələr yenidir və yazıları yenilənib. Həmçinin İ.Orbeli tərəfindən silinən hərflər kimi qeyd edilən yazılar yeni hərflərlə əvəzlənib. 

Kitabda olan şəkillərdəki yazılardan maraqlı bir məlumat da aşkarlanıb. Burada bildirilir ki, Gəncəsar məbədi 1240-cı ildə alban knyazı Həsən Cəlal Dövlə tərəfindən tikilib. O zaman xristian dünyasında alban katolikoslarının böyük nüfuzu olub. Yazıda ilk dəfə alban dini liderinin titulu dəqiqliklə tərcümə edilib: “Alban katolikosu Nersesin patriarxlığı dövründə”. Yazıda vurğulanır ki, alban kilsəsi o zaman müstəqil idi və muxtariyyətini saxlayırdı.

Tədqiqatçı qeyd edir ki, ermənilər kilsənin içərisindəki həmin yazıların fotoşəkilini elə çəkirlər ki, alban katolikosuna aid yer görünməsin: “Belə şəkillərə çox rast gəlmək olur. Bu bir daha onu sübut edir ki, bu kilsənin ermənilərə aidiyyəti yoxdur. Sadəcə, dini əlifba - qrabarla yazıldığı üçün ermənilər bunun özlərinə aid olduğunu sübut etməyə çalışırlar. Amma xatırlatmaq yerinə düşər ki, qriqorian-xristian məzhəbinə etiqad edən fərqli etnoslar ermənilərin özlərininki hesab etdikləri bu əlifbadan geniş istifadə edirdilər. Misal üçün, Ukrayna, Polşa və s. Avropa ərazisində orta əsrlərdə yaşayan xristian qıpçaqlar da öz ana türk dilində bu əlifba ilə yüzlərlə dini, hüquqi, tarixi və başqa kitablar yazıblar. Gəncəsar kilsəsində əks olunan yazıların arasında türk sözlərinin çoxluq təşkil etməsi bu cəhətdən təəccüblü deyil. Üzərində araşdırma apardığımız bir yazıda “xatir melikin torn(u)m eçin” yazısı həkk olunub. Mənası isə: “Məlikdən xatirə olaraq törən üçün” anlamına gəlir”. 

Tədqiqatçı bildirir ki, İ.Orbeli öz kitabında bu yazıları tərcümə etməyin çətinliyini də qeyd edib. Burada cümlələr bir-birindən ayrılmadan, sait səsləri ifadə edən hərflər olmadan qeyd olunub. Amma araşdırmalar nəticəsində məlum olur ki, bu yazıların kökündə türk sözləri dayanır.

Gəncəsar kilsəsinin ətrafında yerləşən hasarda da qədim yazılar olub. 2009-2011-ci illərdə “yenidənqurma” adı ilə hasarın bir hissəsini söküb, bir hissəsinin üzərinə isə üzlük daşlar vurublar. Daha sonra ermənilər bununla bağlı UNESCO-ya müraciət ediblər ki, bu hasarlar dünyanın mədəni irsi siyahısına salınsın. UNESCO nümayəndə heyəti isə hasarın dəyişdirildiyini, qədimliyini itirdiyini nəzərə alaraq ermənilərin təklifini rədd edib. 

Rizvan Hüseynov ermənilərin tarixi faktları təhrif etdiyinin daha bir sübutunun Antuan Sen Marteninin kitabları olduğunu deyir: “XIX əsrdə Fransada qafqazşünaslığın təməlini qoyan məşhur fransız alimi Sen Marten ermənilərin mövqeyini müdafiə edən şəxs kimi tanıdılıb. Amma bu heç də belə deyil. Bunu onun 1818-1819-cu illərdə yazdığı tənqidi əsərlərdə (“Memoires historiques et geographiques sur l'Armenie”) ermənilərin bir çox yalanlarını ifşa etməsi ilə də sübut etmək olar. 

Sen Marten erməni “tarixçisi” Moisey Xorenskinin əsərlərini şərh edib, ona qarşı tənqidi fikirlərini ortaya qoyub. O, göstərir ki, XVII əsrə kimi adı heç kimə məlum olmayan “V əsr erməni tarixçisi” necə olur ki, XIII-XV əsrlərin tarixi haqqında yaza bilir. Həmin kitabda yüzlərlə belə gülünc faktlar var. Erməni tarixi kimi təqdim olunan bu kitabları erməni tacirləri Hindistanda çap etdiriblər. Daha sonra Avropanın böyük xristian ölkələrində yayaraq bildiriblər ki, guya bu “qədim” kitabları Hindistandan tapıblar. Sonralar ermənilər həmin kitabı dəfələrlə “redaktə” edərək həmin saxta faktları kitabdan çıxarmağa nail olublar”. 

Rizvan Hüseynovun sözlərinə görə, Sen Martenin şərh yazdığı kitabın əsli artıq ölkəmizdədir və bunun üzərində araşdırmalar davam etdirilir. 

Fariz Hüseynov

Комментарии: